23:06 - September 06, 2015
Xəbər sayı: 3358793
IQNA – (Tehran): Düşmənlər sevinməsin, dostlar qıcıqlanmasın! Hörmətli hacı Şahinin düşmənləri sevinməsin, dostları qıcıqlanmasın, söhbət elmidir, dost söhbətidir!


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "nur-az" istinadən verdiyi xəbərə görə, tanınmış İlahiyyatçı və yazar Hacı Arzu Eyvazov son aylarda nüfuzlu ruhani Hacı Şahinin sosial şəbəkələrdə mübahisə doğurmuş müsahibəsini cavablandırıb.



"Nur-az" informasiya portalının bu barədə yayımladığı məqaləni oxucularımıza təqdim edirik.



Hacı Aruz Eyvazov yazır:



İman gətirib ibadət etməyən dindardır?



Düşmənlər sevinməsin, dostlar qıcıqlanmasın!



Hörmətli hacı Şahinin düşmənləri sevinməsin, dostları qıcıqlanmasın, söhbət elmidir, dost söhbətidir!



Bismillahdan sonra qeyd edim ki, müəllif, yəni həqir bəndə nəinki hacı Şahinin düşməni deyil, hətta ona hörməti olan biridir. Ona görə yox ki, bəzilərinin təbirincə, hacı Şahini ağayi X qəbul edir. Ona görə ki, mənəvi yoxsulluq yaşayan cəmiyyətimizdə gəncləri ətrafına toplayıb, yolda saxlaya bilir. Təəssüf ki, bizdə hörmətli olmaq həmişə müdafiə olunmaq mənasına gəlir. Mən mətbuatda və FB-də Şahin Həsənlinin müəyyən məsələlərdə mövqeyinə etiraz edəndə müridləri tərəfindən təəssüb görmüşəm. Amma mən Əliyev rejiminə qarşı yazan biri olaraq belə müridlərin daşından qorxub dayanan deyiləm. Bu, əqidəmə ziddir. Əqidəmə görə, birini sevirsənsə, onu büt kimi vitrində toxunulmaz saxlamamalı, lazım gələndə irad bildirməlisən. Bu girişi verdim ki, kimsə yenidən ədəb qaydalarını pozub özünü yormasın. Mən Ədəbsizliyin türməsini görüb çəkinməmişəmsə, cəriməsindən çəkinən deyiləm! Qumda oturub Bakıdan danışır – deyən dostlara cavabım bir sualdır: Siz İslam yolunda nə vermisiz? Bəs mən nə vermişəm? Onu bu gün dindarları şərləyib həbsxanalarda çürüdənlərdən soruşun! Nəhayət, mövzu elmidir, elmi mövqeyi olan ortaya qoysun. 



Hacı Şahin Həsənli yaxın keçmişdə contact-a müsahibəsində dilə gətirdiyi sözlərə azadxəbərə-ə müsahibəsində bir daha təkrarlayıb, amma müəyyən fərqlə! Birinci müsahibədən sonra müzakirələr oldu, düşündüm ki, ötüb-keçdi. Amma...



Contact:



Sual: Hacı, dindarların cəmiyyətə inteqrasiya prosesi haqda nə deyə bilərsiniz?



Hacı Şahin: İlk növbədə “dindar” məfhumunun özünü nəzərdən keçirməliyik. İstənilən halda hansısa sosial təbəqələr adı ilə cəmiyyətdə qütbləşmə tərəfdarı deyiləm. Düşüncəmə görə isə, dindar Allaha inanan və vacib buyurulan əməllərə əməl edib-etməməsindən asılı olmadan dinə inanan şəxsdir. Gündəlik dini ayinləri icra etməyən insan belə Allaha və dinə sayqı ilə yanaşırsa, o, dindar hesab edilə bilər. Bu mənada, dindar sayılan təbəqənin dairəsi daha genişdir və hansısa bir qrupa dindar adının verilməsinin tərəfdarı deyiləm.


Azadxəbər:



Sual: Azərbaycanda din və cəmiyyət münasibətlərini(n) necə dəyərləndirmək olar?



Hacı Şahin: Din və cəmiyyət haqqında danışarkən öncə onu vurğulamaq istərdim ki, Azərbaycan xalqının əksər kütləsi dindar hesab oluna bilər. Dindarlıq təkcə gündəlik ayinləri icra etmək demək deyil. Vacib hökmləri yerinə yetirməyən, lakin Allaha inanan şəxsin dinə inanclı hesab olunması sadə məntiqdir. Bəzən olur, Azərbaycanda dindarları ayrıca, məhdud sayda bir qrup kimi təqdim etmək istəyirlər. Bu səhv yanaşmadır. Azərbaycanın mütləq əksəriyyəti dindar və dinə etiqadlıdırlar. Sadəcə dinə imanın mərhələ və pillələri arasında bəziləri ibadət və vacibləri yerinə yetirməklə fərqlı məkanda qərarlaşıblar. Xalqın içində bu fikirləri parçalamaq Azərbaycan maraqlarının əksindən xəbər verir.


***



Birinci müsahibədən sonra adının “mən Allaha inanıram” deyən homoseksuallar, fahişə-müğənnilər, xalqın qanını susamış rüşvətxorlarla bir sırada çəkilməsindən sıxılan dindarlardan etiraz gəldi. Hörmətli Şahin Həsənli belə iradları “ayrıca hallar” kimi dəyərləndirərək əhəmiyyətsiz saydı. Yəni “bir çiçəklə bahar olmaz” məsəli bir maviyə görə Azərbaycan xalqına dindar deməmək yanlışdır məntiqinə oturduldu. Din xadiminə ehtiramı olan müxaliflərin iradı bu oldu ki, gərək “dindar” yox, “inanclı” sözü işlədiləydi. Yəni bütün xalq dindardır yox, inanclıdır deyiləydi. Təbii ki, belə deyilsəydi, qərəzsiz insanlar, hacı Şahinlə başqa problemi olmayanlar bunu qəbul edərdi. Ən azı ona görə ki, “inanclı” sözü özü hələ qınından çıxmayıb. Amma hacı Şahin DİNDAR demişdi! İkinci müsahibədə miks (Международный Институт Комплексной Сказкотерапии) müşahidə edilir. Şahin Həsənli həm dindar, həm inanclı sözünü işlədir. Yəni iradlar təsirini göstərib və Şahin Həsənli bu dəfə inanclı sözünü işlədib. Amma dindar sözünü mətndən çıxarmayıb. Ümid var ki, üçüncü müsahibədə artıq dindar sözü ilə rastlaşmayacağıq!


Dini cameədə din xadimi kimi tanınan və müəyyən qrup tərəfindən sevilən şəxs istənilən bir yeni fikri dəlillərlə ortaya qoymalıdır. “Düşüncəmə görə”, “Azərbaycanın maraqları” heç vaxt dəlil olmayıb və olmayacaq. Yeni söz həm yeni çıxarış, həm bidət ola bilər. Yeni çıxarış ayə və rəvayətlərdən çıxarışdır. Bidət dində əsası olmayan yenilikçilikdir. Rəngləri tündləşdirmirəm. Bütün Azərbaycan xalqını dindar kimi təqdim etmək istəyi arxasında xoş niyyət dayanır, inşaallah. Amma xoş niyyət də dəlil deyil. 


Quran, Əhli-beyt, ayə və rəvayətlər cəmiyyəti bölürmü? Bölürsə necə bölür? Şahin Həsənli deyir ki, cəmiyyətdə qütbləşmə tərəfdarı deyil. Quran cəmiyyəti ən azı mömin, münafiq, kafirə bölürsə, qütbləşmə yaradır? Əgər Quran bu qütbləşməni təyin edirsə, din xadimi ona tərəfdar olmaya bilərmi?



Qurani-Kərim buyurur: 


الَّذِینَ یُؤْمِنُونَ بِالْغَیْبِ وَیُقِیمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ یُنْفِقُونَ



O kəslər ki, qeybə inanır, namazı bərpa edir və verdiyimiz ruzidən infaq edirlər. (Dindar!)



Başqa bir ayə:


وَإِذَا لَقُوا الَّذِینَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَیَاطِینِهِمْ قَالُوا إِنَّا مَعَکُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ



Onlar möminlərlə qarşılaşanda deyirlər ki, biz də iman gətirdik. Halbuki öz şeytanları ilə təklikdə qalanda deyirlər ki, biz də sizinləyik, biz ancaq istehza edirik... (Namizədlər!)



Məsum imamların (ə) buyuruqlarına gözucu nəzər salanda “şiələrimiz” (شیعتنا) sözü diqqəti çəkir. İmam Musa Kazim (ə) buyurur: 



طوبی لشیعتنا المتمسکین بحبنا فی غیبة قائمنا الثابتین علی موالاتنا و البراءة من اعدائنا اولئک منا و نحن منهم قد رضوا بنا ائمة و رضینا بهم شیعة...



Afərin şiələrimizə ki, Qaimin qeybi dövründə bizimlə dostluğa sarılıblar. Bizim vilayətə bağlılıqda, dostluqda, düşmənlərimizə arxa çevirməkdə sabitqədəmdirlər. Onlar bizdəndir, biz də onlardan. Onlar bizim rəhbərliyimizdən razıdır, biz də onların şiə olmasından...



Bəli, Əhli-Beyt (ə) məktəbindən olan bütün İslam alimləri, o cümlədən imam Xomeyni (r) və hazırda cənab Xameneinin xalq haqqında xoş sözləri kifayət qədərdir: şərafətli xalq, əziz xalq, mübariz xalq... Amma nə Quran, nə məsumlar, nə də alimlər cəmiyyətdə əhəmiyyətli çəkiyə malik fəsad əhlini mömin, dindar, hətta müsəlman adı altında pərdələməyib. Bu pərdələmə şeytanın, dünya imperializminin, istibdad hakimiyyətinin mənafelərinə xidmət edir. Liberal İslam elə budur. Bu pərdələmə möminləri kiçildir. Elə ona görə də Qurani-Kərim bu həqiqəti pərdələmir: 



وَإِنَّ مِنْکُمْ لَمَنْ لَیُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْکُمْ مُصِیبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللَّهُ عَلَیَّ إِذْ لَمْ أَکُنْ مَعَهُمْ شَهِیدًا



Aranızda elələri var ki, ağır tərpənər, sizə bir müsibət üz verəndə deyər ki, Allah mənə lütf etdi ki, onlarla birlikdə olmadım...



***



Dində “imanın mərhələ və pillələri”! Olduqca həssas, eyni zamanda təhlükəli mövzu. İslam qəbul edirmi ki, dini ayinlər yerinə yetirilməsin? Əsla! Bəli, dindarlıqda mərhələlər var və ilk mərhələ namazdır. İnsan Allaha inanmaqla dindar olmur, müsəlman olur. Azərbaycan xalqı müsəlman xalqdır – bunu həmişə deyiblər, kimsə də etiraz bildirməyib. “İmam Sadiqin (ə) dövründə əxlaq” məqaləsində oxuyuruq: İslam cəmiyyətinə əxlaq böhranı yaradan amillərdən biri də Murciə əqidəsinin yayılması idi. Bu firqənin əqidəsinə görə, günah imana təsirsizdir. Yəni imanın varsa, günahdan qorxmaya bilərsən. Onlar açıq bildirirdilər ki, oğurluq və zina kimi günahların imana heç bir zərəri yoxdur. Bir sözlə, guya kəbirə günahlara yol verənlərin də müsəlmanlığında nöqsan yoxdur. Murciə əqidəsinə görə, günaha yol verən müsəlman tövbə etməsə də bağışlanacaq. İbn Əbül-Hədid yazır ki, bu əqidəyə qatılanlar arasında Müaviyə və Əmr As birincilərdən idi...


“Bütün xalq dindardır” ideyasını ortaya qoyan Şahin Həsənli bunu dindarları təcrid olmuş vəziyyətdən qurtarmaq istəyi ilə izah edir. Məgər tale şiənin seçimidir? Məgər şiələr tarix boyu bu vəziyyətdə olmayıb? Bəzi dindarlarımızı tənhalıq, təklənmə yaman qorxuya salıb və marqinallıqdan danışırlar. Əvvəla, şiələr marqinal deyil, ənənəvi din daşıyıcısıdır, heç bir qəriblik hiss etmir. Hiss edən öz zəif iradəsindən görsün. Digər tərəfdəm marqinallıq lümpenlik deyil.



Marginal təbəqə cəmiyyətin geri qalmış təbəqəsi də deyil. Marqinal insan və qrup steriotiplərdən azad subyektdir. Azad şiədir və tarix boyu əzilib. Çünki qullar arasında azad insana yer yoxdur. 



Söhbəti kəsirəm. Onu davam etdirməyə ehtiyac görmürəm. Çünki bu ideya siyasi romantikadan başqa bir şey deyil və heç vaxt gerçəkləşməyəcək. Azərbaycanda, dünyanın ən ucqar nöqtələrində əyyaşı, ibadətdən uzaq insanı dindar adlandıran olmayacaq, heç vaxt! 



Kimsə deyə bilər ki, Azərbaycanda hamı dini ayinləri yerinə yetirir. Məsələn, ailə qurana kəbin kəsilir (nikah oxunur), ölü qüsl-kəfən, meyit namzı ilə üzüqibləyə basdırılır. Bəli, amma diriyə yox, belə ölüyə dindar demək olar!



***



Hörmətli hacı Şahin! Birinci söhbətimizdən sonra bu mövzunu bağlanmış hesab edirdim. Təəssüf ki, siz növbəti dəfə bu mövzu üzərinə qayıtdınız. Ümid edirəm ki, mülahizələrinizə bu dəfə mətbuatda münasibət bildirməyi bizim üçün haqq olaraq tanıyacaqsız. Ən azı ona görə ki, “dindar xalqımız” siz də daxil olmaqla dini cameəmizi iranpərəst, geriqalmış, savadsız, radikal adlandıranda səsimizi çıxarmışıq.


 

Ad:
E-poçt:
* Comment: