IQNA- İslamın böyük alimləri
bu həftəni "Vəhdət həftəsi” elan ediblər. Dünyanın hər bir yerində olduğu kimi,
Azərbaycan’da da Həzrət Muhəmmədin (s) və 6-cı İmam Həzrət Sadiqin (ə) mövlud
günləri böyük şövqlə qeyd olunur.
Dekabrın 29-də İçərişəhər "Cümə" məscidinin dini icmasının
təşkilatçılığı və "www.deyerler.org" internet saytının informasiya
dəstəyi ilə mübarək mövludlar münasibətilə bayram tədbiri keçirilib.
Bayram tədbirinə yüzlərlə insan qatılıb. Bayram tədbiri müqəddəs Qurani-Kərimin
tilavəti və dövlət himnimizin ifası ilə başlanılıb.
Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar
İbrahimoğlu çıxış edərək, tədbiri açıq elan edib. Hacı İlqar İbrahimoğlu çıxışı
zamanı ilk öncə Peyğəmbər (s) sevərləri bu mövlud həftəsi münasibətilə təbrik
edib və Həzrət Rəsulallahın (s) bəşəriyyət üçün nümunə olan əxlaqı, ilk növbədə
isə Allaha bəndə olması haqqında danışıb.
Daha sonra "Əhli-beyt (ə) aşiqləri” ilahi yaradıcılıq qrupunun ifasında
biri-birindən gözəl ilahilər səsləndirilib. Əziz İslam Peyğəmbəri (s) və
Əhli-beytini tərənnüm edən biri-birindən gözəl İlahilər qonaqların alqışları
ilə ifa olunub.
Bayram tədbirində həmçinin əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış
fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək
mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik
yarışması - V "Uşaq Mövlud Olimpiadası"ı və IX "Mövlud
olimpiadası" qaliblərinə mükafatlar təqdim edilib. Eyni zamanda Əziz İslam
Peyğəmbərinin (s) mövluduna həsr olunmuş Mövlud futbol çempionatının və Mövlud
tennis turnirinin qalibləri də mükafatlandırılıb.
Mükafatlandırma mərasimindən sonra tədbir "Fərəc" duasının cəmlə
oxunması ilə yekunlaşıb.
Maide.az