Əxbari alimlərləri ilə tanışlıq - 5
10:34 - March 08, 2016
Xəbər sayı: 3480263
Tehran, 08.03.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...

İQNA - (Beynəlxalq Quran Xəbər Agentliyi): Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi…

Biz bu silsilə yazılarımızda sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

Molla Möhsin Feyz Kaşani (1007 – 1091 hq)

Məhəmməd ibn Şah Mürtəza ibn Şah Məhmud mühəddis,müfəssir, mütəkəllim, arif, filosof və şair. İranın Kaşan şəhərində anadan olub. Cavanlıqda Qumda yaşayıb. Dini elmləri Şeyx Bəhai, Hədis elmlərini Seyid Macid Bəhranidən (vf. 1028 hq), əqli elmləri Molla Sədra Şirazidən öyrəndi. Sonra Molla Sədra Şirazinin qızı ilə də evləndi. Əllamə Təbatəbai onu "bütün elmlərə sahib və bütün elmlərə daxil olmağına baxmayaraq onları bir-birinə qatmayan misilsiz alim" olaraq yad edir – (Əllamə Tehrani, "Mehri taban", s.26). O kəlamda və fəlsəfədə ustadı Molla Sədra ilə həməqidədir. Amma hədis elmində də əxbari məsləkdir. Məhəmməd Əmin Əstərabadini "əxbarilik" məsələsində haqq bilsə də onun ifrat mövqeyni kəskin tənqid edir və deyir: "O (Əstərabadi) əxbarilikdə ifrat və ğülüvv edir və deyir "yəqin varımdır ki, "4 kitab"ın (əl-kafi, əl-fəqih, ət-təhzib və əl-istibsar) bütün hədisləri səhihdir" və həmçinin fəqihlər haqqında pis sözlər danışır, onları fəsad əhli adlandırır və deyir ki, əgər öz ictihadlarında xəta və səhv etsələr cəzalanacaqlar".

Feyz Kaşaninin əsərlərindən hiss olunan budur ki, o təkcə fiqhi hədislərdə əxbari olub və qalan mövzularda, xüsusilə də Quran təfsirində yetərincə əqli dəlillərdən istifadə edib. İrfanda isə az da olsa sufiliyə meyilli olduğu məsələlər olub.

Əllamə Məclisi (vf 1110 hq) və Seyid Nemətullah Cəzairi (vf 1112 hq) onun ən məşhur şagirdləridirlər.

Feyz Kaşani 200-dək kitabın müəllifidir. Onun əsərlərindən məşhurları aşağıdakılardır:

1). "Əl-Vafi" - "4 kitab"ın (əl-kafi, əl-fəqih, ət-təhzib və əl-istibsar) hədislərini təkrarsız, izah və şərhlə 26 cilddə toplamışdır.

2). "Məfatih əş-şəraye" - 4 cild. Bu kitabda dini hökmlərin əsas qaynağının Quran və Hədis olmasını deyir, Quranın zahirini höccət sayır, amma "üsul elmi"ni rədd edir.

3). "əl-Üsul əl-Əsliyyə" - bu kitabda əxbariliyi müdafiə edir.

4). Səfinətun-nicat ila təriqi və səbilil-hüdat – bu kitabda icma, ictihadı əhl-sünnə ixtirası sayır və batil adlandırır.

5). "Elmul-yəqin" – bu kitabda din üsullarını (əqidə) Quran və hədis əsasında açıqlayır.

6). "Mühəccətul-beyza fi təhzibil ehya" – bu kitabda Qəzzalinin "Ehyaul-ülum" kitabını Şiə qaynaqları əsasında təshih etmişdir. Başqa ibarə ilə desək bu kitab Qəzzalinin "Ehyaul-ülum" kitabının şiə etiqadı əsasında yazılmış versiyasıdır.

7). "Təfsirus-Safi" – Quranın hədis əsasında təfsiri. Əlbəttə bu təfsirdə tarix, lüğət, əqli elmlər və digər elmlərdən də istifadə etmişdir.

8). Şəhabus-Saqib" – bu kitabda Cümə namazının qeybət dövründə vacibliyini isbat etməyə çalışır...

Hazırladı: Mirməhəmməd Bəşir


Ad:
E-poçt:
* Comment: