IQNA

Aeroportlardakı yoxlamalar müsəlmanların mənliyini aşağılayır

10:58 - August 30, 2016
Xəbər sayı: 3480747
Tehran, 30.08.2016 – Son günlər bütün dünyada qəzetlər müsəlmanların aeroportlarda, təyyarələrdə üzləşdiyi problemlərdən yazır.

Aeroportlardakı yoxlamalar müsəlmanların mənliyini aşağılayır


İQNA - Elə ötən həftə 3 nəfər Londonda təyyarədən düşürülüb və bir saat ərzində polisdə dindirilib. Səbəb də odur ki, sərnişinlər onlardan birinin mobil telefonla danışarkən «Allah» sözünü işlətdiyini eşidiblər və düşünüblər ki, «İslam Dövləti» (İŞİD) qruplaşmasının üzvüdürlər.

«The Washington Post» qəzetində Stefano Bonino aeroportlarda müsəlmanlara ayrıseçkiliyin terrorçuluqla mübarizəyə vurduğu ziyandan söz açır.

«İslamçı kimi görünən hər şeyə belə bir şübhəylə yanaşma «müsəlmanın uçmağı» ifadəsini formalaşdırıb. Müsəlman immiqrantların oturuşduğu Qərb ölkələrində «müsəlmanın uçmağı» onların indiyədək qazandığı uğurları kölgələyir, axı bu ölkələrin bəzilərində müsəlmanlar artıq cəmiyyətə inteqrasiya ediblər», - müəllif vurğulayır.

Məqalədə Şotlandiya nümunəsinə diqqət çəkilir. Bu ölkədə müsəlmanlar daha yaxşı inteqrasiya olunub, polislə müsbət əlaqələri var. Amma Şotlandiya aeroportları barədə belə müsbət danışmağa dəyməz. Psixoloqlar Leda Blackwood, Nick Hopkins və Stephen Reicher üzə çıxarıblar ki, müsəlmanların bu aeroportlarda məruz qaldığı yoxlama onların mənliyini aşağılayır. Nəticədə müsəlmanlar daha az səyahət edir, yaxud bəzi aeroportlardan yayınmağa çalışırlar. Məsələn, son 10 ildə azı iki dəfə müsəlmanlar Qlazqo aeroportunu boykot ediblər.

Buna da bax-Fransa məhkəməsu burkiniyə qoyulmuş qadağanı dayandırdı

Elə müəllif özü də bu sahədə araşdırma apardığını yazır. Şotlandiya müsəlmanlarından rəsmilərlə münasibətləri barədə soruşub, çoxu aeroportlarla bağlı mənfi xatirələri yada salıb. Amma polis haqda daha müsbət danışıblar. Elə ifrat sağçı Şotlandiya Müdafiə Liqası etirazlar keçirəndə, polis məscidlərə gedib müsəlmanlara ürək-dirək verirmiş.

Müəllif qeyd edir ki, müsəlmanların Şotlandiya aeroportlarında yaşadıqları onların inteqrasiyasına kölgə sala bilər. Axı bu ölkədə zorakı radikallaşma təhlükəsi Avropanın digər yerlərində olduğundan daha zəifdir. «Araşdırmama görə, müsəlmanlar burada cəmiyyətə İngiltərədəkindən daha geniş inteqrasiya ediblər, dolanışıqları da qat-qat yaxşıdır», - müəllif vurğulayır. Üstəlik, Şotlandiyada islamofobiya da aşağıdır. Müsəlmanlar Britaniya siyasətində düz iki dəfə məhz Şotlandiya sayəsində uğur qazanıblar: 1970-ci ildə Bashir Maan ilk müsəlman müşavir, 1997-ci ildə isə Mohammad Sarwar parlamentin ilk müsəlman üzvü seçilib.

«Amma aeroportlarda təhlükəsizlik tədbirləri müsəlmanların Şotlandiya dövlətinə dəstəyini zəiflədə bilər. Oxşar halların Birləşmiş Ştatlar daxil olmaqla, digər ölkələrdə də üzə çıxacağını təxmin etmək olar. Bu ölkələrdə də müsəlmanlar yaxşı inteqrasiya olunub, amma hələ də aeroportlarda mənfi münasibətlə üzləşirlər».

Müəllifin fikrincə, sonucda terrorçuluğun əngəllənməsini hədəfləyən tədbirlər əks-təsir yarada bilər – müsəlmanların təhlükəsizlik aparatına inamı və əməkdaşlığı sarsılar ki, bu da terrorçuluqla mübarizədə öndə gələn amillərdir.

Qeyd edək ki, Dr. Stefano Bonino «Şotlandiya müsəlmanları: 11 Sentyabr terrorundan sonra icmanın formalaşması» kitabının müəllifidir. (azadliq.org)

Teqlər: aeropot ، yoxlama ، müsəlman ، mənlik ، iqna ، İkna
captcha