İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinli mübarizlər Təl Əvivin şimalına raketlə zərbələr endiriblər.
Maide.Az “Associated Press”ə istinadən xəbər verir ki, Fələstinin işğal olunmuş ərazisində raket xəbərdarlığı sirenası eşidilib və Təl Əvivin şimalında partlayış baş verib.
İşğalçı rejim ordusu elan edib ki, Qəzzadan işğal olunmuş ərazilərə raket hücumu olunub.
“Sputnik” agentliyinin məlumatına görə, son dörd ildə ilk dəfədir ki, mühasirədə saxlanılan Qəzza zolağından raketlə Təl Əvivə hücum edilir.
Məlumata görə, hücum nəticəsində işğal olumuş ərazilərdə məskunlaşdırılmış ən az 7 yəhudi yaralanıb. İşğalçı rejim ordusu bir neçə foto yayımlayaraq bildirib ki, Qəzzadan atılan raket bu dağıntılara səbəb olub.
Qeyd edək ki, Qəzza zolağından Təl Əvivə raket hücumuna dair xəbərlər sionist rejim təyyarələrinin son bir neçə gündür Qəzzanı bombalamasının ardınca yayımlanıb. Son günlər ərzində işğalçı rejimin Qəzzaya hava hücumları zamanı bir neçə fələstinli şəhid olub və onlarla insan yaralanıb.