IQNA

Fransa sionist rejimin daxili təhlükəsizlik nazirini sanksiya etdi

16:50 - May 24, 2026
Xəbər sayı: 3500397
İQNA – Sionist rejimin daxili təhlükəsizlik naziri İtmar Ben‑Qevirin “əs‑Sümud” humanitar flotilliyasının siyasi fəallarına qarşı təhqiredici davranışından sonra Fransa bu radikal israilli naziri sanksiya edib və Avropa İttifaqını da eyni addımı atmağa çağırıb.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Fransa xarici işlər naziri Jan Noel Barro bu gün, şənbə günü bildirib ki, Ben‑Qevir “əs‑Sümud” flotilliyasındakı fransız və avropalı vətəndaşlara qarşı qəbuledilməz davranışlarına görə Fransaya girişdən mən edilən şəxs elan olunub.

Ben‑Qevir çərşənbə günü (20 may) sosial şəbəkələrdə bir video yayımlamışdı. Videoda o, sionist hərbçilər tərəfindən girov götürüldükdən sonra əlləri bağlanaraq diz çökdürülən Fələstin tərəfdarı fəallara qarşı alçaldıcı davranış nümayiş etdirirdi.

Fransa xarici işlər naziri X sosial şəbəkəsindəki paylaşımında “əs‑Sümud” flotilliyasının fəaliyyətini diplomatik və konsulluq xidmətləri üçün ağır yük adlandırıb və onların metodlarının heç bir faydalı nəticə vermədiyini qeyd edib.

O vurğulayıb: “Biz fransız vətəndaşlarının bu şəkildə hədələnməsinə, qorxudulmasına və ya zorakılığa məruz qalmasına dözə bilmərik.”

Jan Noel Barro əlavə edib ki, o da İtaliya xarici işlər naziri Antonio Tayaninin mövqeyinə qoşularaq Avropa İttifaqını İtmar Ben‑Qeviri sanksiya etməyə çağırır.

Sionist rejimin daxili təhlükəsizlik nazirinin bir dəqiqəlik videosunun yayılması həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş qəzəb doğurub. Sionist hərbçilər bazar ertəsi (18 may) “əs‑Sümud” flotilliyasının qayıqlarını beynəlxalq sularda saxlayaraq oradakı bütün fəalları həbs etmişdilər.

Eyni zamanda, İsrailin Qəzza zolağına hücumlarının davam etməsi və bölgədə humanitar böhranın dərinləşməsi fonunda Latın Amerikası, Avropa və Asiyanın müxtəlif ölkələrində Fələstin tərəfdarı beynəlxalq karvanlara dəstək dalğası artır. Bir sıra dövlətlər Qəzza mühasirəsinin dayandırılmasını və bölgə sakinlərinə humanitar yardımın təhlükəsiz şəkildə çatdırılmasının təmin edilməsini tələb edirlər.

4353881

Teqlər: israil ، fransa ، sionist rejim ، sanksiya
captcha