IQNA

İlahiyyatçı Prezidentin köməkçisilə keçirilən görüşdən danışdı

21:26 - September 06, 2020
Xəbər sayı: 3488058
Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib.

Gəncə şəhərindəki İmamzadə dini kompleksində bir qrup din xadimi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak ediblər.

Az.shafaqna.com görüşdə iştirak edən ilahiyyatçı alim, İmam Rza məscidinin imamı Seyid Mirhəmid Məmmədovdan münasibət alıb.

“İlk olaraq bildirim ki, bu görüş ən müqəddəs yerlədən biri olan Gəncə İmamzadəsində baş tutdu. Ölkənin tanınan ilahiyyatçılarının iştirakı ilə keçirilən görüş, daha çox açıq dialoq formatında idi. Məhz bu görüşün bu formatda olması Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun səyi nəticəsində baş tutdu”, – deyə Seyid Mirhəmid Məmmədov bildirib.

Mirhəmid Məmmədov ilk dəfə bu səviyyədə – açıq dialoq formatında görüşün keçirilməsini müsbət qiymətləndirdiyini qeyd edib.

“Anar müəllimin səbirlə bizi dinləməsi, ilahiyyatçılara dəyər verməsi, hər kəsə azad fikirini səsləndirməsinə zəmin yaratması gözəl bir dialoqun yaranmasına səbəb oldu. Orada təkliflər, iradlar, fikirlər səsləndirildi. İlahiyyatçıların suallarına, təkliflərinə və iradlarına Anar müəllim tərəfindən cavab verildi. Görüşdə səsləndirilən bəzi məsələlərin həll edilməsi istiqamətində addım atılacağını, Dövlət başçısına məruzə şəklində çatdırılacağını da Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bildirdi.”, – deyə Seyid Mirhəmid Məmmədov əlavə edib.

İlahiyyatçı Prezidentin köməkçisilə keçirilən görüşdən danışdı

Seyid Mirhəmid Məmmədov görüşdə Din – Dövlət münasibətlərinin yaxşılaşdırılması istiqamətində fikirlərin səsləndirildiyini qeyd edərək “Dindarların və dövlətin birliyinin, səmimi münasibətlərinin yaranması, dini camiəni düşündürən məsələlərin həlli istiqamətində addımların atılması müzakirə olundu.”, – deyə vurğulayıb.

İmam Rza məscidinin imamı Seyid Mirhəmid Məmmədov sonra deyib: “Çatışmayan məsələlər dilə gətirildi, təkmilləşdirilməsi lazım olan sahələrdən danışıldı, Dövlətin dini camiəyə diqqət ayırması, ölkədə dindarlar arasında vətənpərvərlik ruhiyyəsinin artırılması istiqamətində fəaliyyətlər önə çəkildi. Ruhanilərin, dindarların həmişə vətənin yanında, lazım olarsa ön cəbhədə düşmənlə qarşı-qarşıya döyüşməyə hazır olduğu diqqətə çatdırıldı.”

İlahiyyatçı qeyd edib ki, Prezidentin köməkçisi bu görüşdə məqsədin daha çox din xadimlərinin fikirlərinin dilə gətirilməsi və onun tərəfindən dinlənilməsi idi.

İlahiyyatçı Prezidentin köməkçisilə keçirilən görüşdən danışdı

Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə, o cümlədən dindarların həyatına da təsirsiz ötüşmədiyini deyib. Qeyd edib ki, yeni növ koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Beynəlxalq təcrübə və ilk növbədə, insan həyatının qorunması əsas götürülərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu ilin mart ayından məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılıb.

captcha