IQNA

Cavad xan haqqında yeni kitab nəşr olunub

8:39 - October 02, 2020
Xəbər sayı: 3488250
AMEA-nın Gəncə Bölməsi və Əlyazmalar İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən hazırlanmış “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı çapdan çıxıb.

AMEA-nın Gəncə Bölməsi və Əlyazmalar İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən hazırlanmış “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı çapdan çıxıb. Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xandan bəhs edən kitab mötəbər tarixi mənbələrə əsaslanır.

Bu barədə AZƏRTAC-a AMEA-nın Gəncə bölməsindən məlumat verilib. Bildirilib ki, layihənin rəhbəri akademik Fuad Əliyev, elmi redaktoru filologiya elmləri doktoru, Əməkdar elm xadimi Xəlil Yusifli, rəyçi akademik Teymur Kərimli, fars dilindən tərcümənin və şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. Kitabı nəşrə hazırlayanlar geniş elmi araşdırmalar aparıb, İranda saxlanılan arxiv sənədlərindən, habelə yerli tədqiqatçıların məqalələrindən istifadə ediblər.

Kitabın nəşrində məqsəd Cavad xanın qəhrəmanlıq salnaməsini geniş oxucu kütləsinə çatdırmaq, Vətənə məhəbbət hissi, xüsusən gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi aşılamaqdır. Tariximizin ayrılmaz bir hissəsi olan Cavad xanın həyatı və azadlıq mübarizəsi haqqındakı bu nəşr təkcə Gəncənin deyil, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin öyrənilməsi və təbliği baxımından böyük əhəmiyyət kəsb edir.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə son illərdə nəşr edilən iki kitabda və internet saytında dərc olunan ayrı-ayrı məqalələr fars dilindən tərcümə edilərək toplanıb. Həmin materiallar arasında Cavad xanın nəvə-nəticələrindən olan Huşəng Talenin, Hüseyn Əhmədinin və Rəhim Rəisnianın qədim tarixi mənbələrə əsaslanan araşdırmaları var. Uzun illər ərzində Cavad xanın əcdadı Uğurlu xan Gəncəvinin yaradıcılığını tədqiq etmiş mərhum şərqşünas alim Firəngiz Xəlilovanın, həmçinin Elnur Həsənovun, tarixçi İlqar Niftəliyevin və şərqşünas alim Hacı Rauf Şeyxzamanlının məqalələri də kitabın birinci hissəsinə daxil edilib.

Cavad xan haqqında yeni kitab nəşr olunub

İkinci hissədə isə Cavad xanın Sisyanova yazdığı məktubun mətni, Gəncə xanının qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın və gəncəli şairə Fəridə Əliyarbəylinin şeirləri, Adil xan Ziyadoğlu-Qacarın (Ziyadxanovun) “Qələmin uçuşu” kitabının bir bölümü və Adil xanın rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin 1920-ci ildə İrana rəsmi səfəri barədə o vaxtkı mətbuatda dərc olunan xəbərlər yer alıb.

Yeni nəşrdə, həmçinin tarixi şəxsiyyətlər, dövlət adamları və sərkərdələr, həmin dövr hadisələrində adıçəkilən müxtəlif ölkələrin imperatorları, hökmdarları və hərbçiləri haqqında qısa ensiklopedik məlumatlar verilib. Kitab qədim Gəncə şəhərinin tarixinə nəzər salınmaqla, Cavad xanın keşməkeşli həyatı və qəhrəmanlıq mübarizəsi tarixini daha dərindən və əhatəli araşdırmaq üçün qiymətli elmi mənbə olmaqla yanaşı, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulan sanballı bir əsərdir.

captcha