IQNA

TƏFSİR: İbrahim, 47.

Allah-Taala nə üçün zalimləri bu dünyada cəzalandırmır?

6:03 - July 03, 2021
Xəbər sayı: 3490193
"Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Həqiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir." (Qurani-Kərim, mübarək İbrahim surəsi, ayə:47).

"Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Həqiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir." (Qurani-Kərim, mübarək İbrahim surəsi, ayə:47).

فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ

Kafirlər həmişə Allahın peyğəmbərlərinə qarşı çıxmaq və mübarizə aparmaq üçün müxtəlif hiylələrdən istifadə etmək istəyiblər. Onların pis niyyətləri və hiylələrindən xəbərdar və agah olan Allah isə həmişə kafirlərin planlarını alt-üst edib.

Bu, İlahi bir qanundur və bir vədədir ki, Allah-Taala peyğəmbərlərinə verib. Yəni Allah həmişə Tövhid cəbhəsini qalib edəcək və düşmənlərin İlahi dini məhv etmək üçün hesablamalarını bir-birinə vuracaq.

Buna görə də mübarək İbrahim surəsinin 47-ci ayəsində Allah-Taala saleh insanlara müjdə və zalim və kafirlərə təhdid olaraq buyurur:  

فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ

"Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Həqiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir."

Çünki öz vədəsinə o kəslər xilaf çıxır ki, qüdrətli və güclü deyildirlər və ya onların terminologiyasında namus, inqitam və cəza sözləri yoxdur. Amma Allah-Taala həm qadirdir (qüdrətli) və həm də öldürücü intiqam sahibidir.

Bu ayə həqiqətdə İbrahim surəsinin 42-ci ayəsinin mənasını tamamlamaq üçün nazil olub ki, buyurur:

وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ

"Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. (Allah sadəcə onları cəza­landırmağı göz­lərin bərələ qala­cağı günə saxlayır)."

Allah-Taala Qurani-Kərimin müxtəlif ayələrində Peyğəmbərlərini qalib edəcəyini və haqqın qələbə çalacağınə vədə vermişdir. O cümlədən:

Qurani-Kərimin mübarək Ğafir surəsinin 51-ci ayəsində buyurur:

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ

"Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik!"

Qurani-Kərimin mübarək Mücadilə surəsinin 21-ci ayəsində buyurur:

كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ

" Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!"

Bu kimi ayələrə əsasən Allahın peyğəmbərlərinə verdiyi vədələr sonda haqqın batilə qalib olacağıdır.

Bir çox müsəlmanlar üçün qarşıya çıxan suallardan biri də budur ki, kafirlər və zalimlər bu qədər zülm etmələrinə rəğmən nə üçün əzab olunmurlar, səbəb nədir?!

Allah-Taala mübarək İbrahim surəsinin 47-ci ayəsində izah edir ki, zalim və kafirlərin bu dünyada əzab edilməməsinin səbəblərindən biri Allahın əzab və intiqamı əsasən Qiyamət günü üçün saxlamasıdır.

Allah-Taala səmavi kitablarda vədə verib ki, kafir, müşrik və zalimləri Qiyamət günü cəzalandıracaq və möminlərə də mükafat verəcək. Bu əzab və mükafat isə əbədi olacaq. Buna görə də burada zalimlərin cəzasının gecikməsi sizi bu fikrə salmasın ki, Allah peyğəmbərlərinə verdiyi qələbə vədəsinə xilaf çıxmışdır. Allah-Taala əgər qələbə vədəsi veribsə, mütləq həmin qələbə gələcəkdir və əzab vədəsi veribsə, mütləq həmin əzab və cəza da gələcəkdir.

Allah-Taala mütləq izzət, qüdrət və intiqam sahibidir. Buna görə də Allahın öz vədəsinə vəfa etməməsi mümkün deyil.

Çünki öz vədəsinə o kəslər xilaf çıxırlar ki, qüdrətli və güclü deyildirlər və ya onların terminologiyasında namus, inqitam və cəza sözləri yoxdur və ya hansısa çıxılmaz bir hal ilə üzləşərək öz fikirlərindən dönüblər. Amma Allah-Taala həm qadirdir (qüdrətli), həm dönməz iradə sahibidir, həm Allahın iradəsindən üstün bir şey yoxdur ki, Onu sözündən döndərsin və həm də öldürücü intiqam sahibidir. Allah aciz və gücsüz deyil. Bu, Onun barəsində təsəvvür belə edilə bilməz. Heç bir şey Allahı məqhur, məğlub və iradəsinin xilafına bir iş görməyə məcbur edə bilməz.

Başqa ibarə ilə desək, zalimlərə bu gün möhlət verilməsinin səbəbi, Allahın onlardan xəbərsiz olması və ya Allahın öz vədəsinə xilaf çıxması deyil, əksinə onların məlum olan bir gündə daha şiddətli bir cəza məhkum edilməsi üçündür.

Sonda bir məsələni də qeyd edək ki, Qurani-Kərimin müxtəlif ayələrində "Allahın intiqamçı" olmasının mənası insanların başa düşdüyü "kin saxlayaraq nəyinsə əvəzini çıxmaq" mənasında deyil. Allahın "intiqam sahibi" olmasının mənası "hikmətə əsaslanan və ədalətli cəzalandırmaq"dır. Allah intiqam alması kafir, müşrik, zalim, münafiq və fasiqə əməlinə uyğun cəza və əzab verəcəyi mənasına işlənilir. /iqna 

  

 

captcha