IQNA

Şeytan bazar, uçurulan Şah Abbas məscidi - Tbilisinin nadir rəsmləri - FOTO

6:36 - July 03, 2021
Xəbər sayı: 3490194
Rəsmlərdən birində hazırkı Tbilisi Cümə məscidi də əks olunub. “Köhnə Tbilisi və sünni məscidi” adlı əsərin müəllifi David Qvelesianidir (1890-1949).

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "report"a istinadla verdiyi xəbərə görə, Gürcüstanın paytaxtı Tbilisi şəhərinin tarixinə həsr olunan “Tbilisi yüz dəfə süqut edib və...” adlı sərgi açılıb.

Tbilisi Tarix Muzeyinin iki sərgi zalında şəhərdə baş vermiş döyüşlər və onun bərpa dövrlərini əks etdirən 50 rəsm əsəri təqdim olunub.

Muzeyin kolleksiyasında saxlanılan tablolar Tbilisi uğrunda çoxəsrlik mübarizəni tarixi və estetik kontekstdə, eyni zamanda müxtəlif mədəniyyətlərin qarışığından yaradılan şəhərin unikal simasını görməyə imkan verir.

Bir zalda rəssamlar Lado Qudiaşvili, Zəlimxan Qololaşvili, Şalva Makaşvili, David Dzneladze, Apollon Kutataladze və digərlərinin Tbilisinin XIX əsrə qədər üzləşdiyi bataliyalara həsr olunan əsərləri nümayiş etdirilir. Digər zalda isə Elene Axvlediani, Giqo Qabaşvili, Mose və İrakli Toidze, David Qvelesiani, Aleksandr Tsimakuridze və digər fırça ustalarının şəhərin dinc həyatını əks etdirən əsərləri təqdim olunub.

Şəkillər arasında diqqəti cəlb edən və sərginin afişasında da yer alan vaxtilə Tbilisidə mövcud olmuş Şah Abbas məscidinin mərkəzdə yerləşdiyi, Riçard Karl Zommerin (1866-1939) yağlı boya ilə çəkdiyi “Şah İsmayıl məscidi” adlı rəsm əsəridir. Şiə məscidi 1522-ci ildə Şah İsmayılın (Xətai) qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində tikilib. 1606-cı ildə Şah Abbasın hücumu zamanı isə məscid genişləndirilib və minarələr ucaldılıb. Göy Məscid adı ilə də tanınan dini abidə 1951-ci ildə yeni Metexi körpüsünün tikintisi zamanı uçurulub. R.K. Zommerin sərgilənən digər “Metexi körpüsü” adlı əsərində də tarixə qovuşmuş bu dini abidə yer alıb. Rəssam Amayak Akopyanın “Meydan” əsərində də Şah Abbas məscidini görmək mümkündür.

Ziyarətçilərin marağını cəlb edən daha bir tablo Qriqor Şarbabçyanın (1884-1942) fırçasından çıxmış Tbilisinin qədim məhəlləsi – Şeytan bazara həsr olunan “Meydanda Şeytan bazar” adlı nadir rəsm əsəridir.

Rəsmlərdən birində hazırkı Tbilisi Cümə məscidi də əks olunub. “Köhnə Tbilisi və sünni məscidi” adlı əsərin müəllifi David Qvelesianidir (1890-1949).

Nadir təsviri sənət əsərlərinin sərgisi sentyabrın 15-dək davam edəcək. Tbilisinin tarixinə “səyahət” biletsizdir.

 

captcha