IQNA

Mübahilə ayəsinin qısa təfsiri və Şəhat Ənvərin səsi ilə tilavəti - AUDİO

23:59 - August 03, 2021
Xəbər sayı: 3490441
Mahmud Şəhat Ənvərin Ali-İmran surəsinin 61-ci ayəsinin (Mübahilə ayəsi) tilavətinin audioyazısı Zil-Hiccə ayının 24-də baş verən Mübahilə hadisəsi münasibəti ilə sosial şəbəkələrdə paylaşılıb.

Məşhur əhli-sünnə alimi Zəməxşəri “Əl-kəşşaf” adlı təfsir kitabında yazır: “Rəvayətdə deyilir ki, Peyğəmbər (s) onları (Nəcran məsihilərinin böyüklərini) “mübahilə” və qarğışa çağırdıqda, onlar dedilər:

“Hələ qayıdıb, (bir az) fikirləşək!”.

Onlar xəlvətə çəkilib öz içərilərindən dünyagörmüş Aqibə dedilər: “Ey Əbdülməsih, nə deyirsən?”

O dedi: “Ey məsihilər! Allaha and olsun, siz yaxşı bilirsiniz ki, Muhəmməd peyğəmbərdir və özü ilə Allahın kəlamını gətirmişdir. Allaha and olsun ki, bu vaxta qədər peyğəmbərlə mübahilə və qarğış edən millətin bir böyüyü diri qalmamış, kiçiyi də boya-başa çatmamışdır. Əgər onunla qarşı-qarşıya dursanız, şübhəsiz, həlak olacaqsınız. Amma yenə öz dininizdən dönməyib, mövcud adət-ənənələrinizi saxlamaq istəyirsinizsə, bu adamla sülh edib (mübahiləsiz) öz diyarınıza qayıdın.”

Bu zaman Peyğəmbərin (s) Hüseyn qucağında və Həsənin əlindən tutmuş halda gəldiyini gördülər. Onun arxasınca Fatimə, ondan sonra da Əli (ə) hərəkət edirdi. Peyğəmbər (s) buyurdu: “Mən dua edərkən, siz amin deyin!”

Bu zaman nəcranlı keşiş dedi: “Ey məsihilər! Mən elə (nurlu) simalar görürəm ki, əgər Allah istəsə, onlara görə dağı yerindən qoparar. Onlarla “mübahilə” etməyin, yoxsa həlak olarsınız və Qiyamətə qədər yer üzündə bir nəfər məsihi qalmaz.” (Buna görə də) onlar Peyğəmbərə (s) dedilər: “Ey Əbülqasim! Biz belə qərara gəldik ki, səninlə mübahilədən çəkinib, sən öz dinində, biz də öz dinimizdə qalaq.”

Peyğəmbər (s) buyurdu: “Əgər mübahilədən çəkinirsinizsə, onda İslamı qəbul edərək müsəlmanların xeyir və şərində şərik olun!”

Onlar bu təklifi qəbul etmədilər.

Peyğəmbər (s) buyurdu: “Belə isə mən sizinlə müharibə etməli olacağam.”

Onlar dedilər: “Bizim ərəb milləti ilə müharibəyə qüvvəmiz yoxdur. Amma sizinlə (aşağıdakı şərtlərlə) müqavilə bağlamağa hazırıq: bizimlə müharibə etməməli, bizi hədələməməli və dinimizdən ayırmamalısınız. Biz də (bunun müqabilində) hər il sizə iki min dəst paltar – min dəstini Səfər, min dəstini də Rəcəb ayında, (bundan əlavə,) “Ad” tayfasına mənsub dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq.”

Peyğəmbər (s) həmin şərtlərlə razılaşıb müqavilə bağladı və buyurdu: “And olsun canım əlində olan Allaha! Az qalmışdı ki, həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahiləyə girsəydilər, şübhəsiz, insan surətindən çıxıb, meymun və donuz surətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu Cəhənnəmə çevrilərdi. Hətta Allah-Taala tez bir zamanda Nəcran əhalisi ilə birgə ağacdakı quşları belə həlak edərdi və heç bir il keçməmiş məsihilərin hamısı məhv olub aradan gedərdi.”

Zəməxşəri yazır:

 وقدّمهـم في الذّكرِ على الأَنفس ليُنبّه على لطف مكانهم وقرب منزلتهم، وليؤذن بأَنّهم مقدّمون على الأَنفس مُفدَون بها، وفيه دليل لا شيء أقوى منه على فضل أصحاب الكساء (ع).

“Allah-Taala “əbna” (oğullar) və “nisa” (qadınlar) ifadəsini “ənfus” (öz) ifadəsindən (yəni Əhli-beyti Həzrət Peyğəmbərin (s) özündən) qabaq qeyd etmiş, bununla da Öz dərgahında onların xüsusi məqam və mövqelərinə toxunmaqla onları hər kəsdən irəli bilmişdir. Bütün canlar onlara qurban olsun! Burada “Kisa”nın üzvlərinin fəzilətinə dair tutarlı dəlil vardır.” (“Əl-kəşşaf”, c.1, səh.193.) /3916728

kod
captcha