IQNA

Nə üçün hər kəs Quran ayələrini eşitməklə hidayət olmur?

11:21 - August 18, 2022
Xəbər sayı: 3492745
Quran bütün insanları doğru yola yönəltmək qabiliyyətinə malikdir. Lakin bütün insanlar bu mənbədən və ilahi kəlamın hidayətindən istifadə etmirlər. Çünki bir şəxsin bu hidayətdən istifadə etməsinin şərti insaflı olamsı, inadkarlıq və düşmənçilik etməməsidir.

Qurani-Kərimin təfsirçisi Məhəmməd Əli Ənsari “Qaf” surəsini təfsir edərkən Quranın hidayəti ilə bağlı bəzi məqamları bəyan edib ki, xülasəsini aşağıda oxuya bilərsini:

"Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar:) Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı? (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar” (Qaf, 36).

Allah "Qaf" surəsində tövhid, nübüvvət və məad kimi üç əsas prinsip haqqında parlaq ayələri nazil etdikdən sonra bu hissədə əvvəlki ayələrlə yanaşı bir təhdid də gündəmə gəlir. Bir tərəfdən Peyğəmbərə (s) ümid verir, digər tərəfdən isə kafirləri və təkzib edənləri təhdid edir. Quran ayələrində güclü olan əvvəlki sivilizasiyaların tarixindən bəhs edilir. Quran bu qəbilələrin daha əvvəl heç vaxt görülməmiş işlər gördüklərini bildirir. Onların əsərləri arxeologiya baxımından kifayət qədər aydındır. Lakin nəhayət, onlar məhv oldular və Allahın hakimiyyətindən qaça bilmədilər.

Bu ayənin sözdə rəngarənglik yaratdığını görə bilərsiniz. Allah-taala bəndələrinə dörd xüsusiyyəti qeyd etdikdən sonra qəfildən danışığın ahəngini dəyişir və hədə-qorxu gəlir. Sonra buyurur: “Şübhəsiz ki, bunda qəlb (bəsirət) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona can-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır!” (Qaf, 37).

İnsan ruhunun müxtəlif mənaları

Qurani-Kərimdə “qəlb” kəlməsi bir dəfə də olsun fizioloji qəlbimizlə bağlı işlədilməyib. Lakin insan ruhunun adlarından biri kimi işlədilmişdir. İnsan varlığında anlamaq aspekti fəallaşdıqda qəlb insan ruhu barədə işlədilir. Ruh insan idraklarının mənbəyi olduğu üçün ona qəlb deyilir. Buna əsasən, ayədə buyurulur ki, kimsə hikmət və idrak sahibi olsa və bu ayələrə nəzər salsa, ağlı başına gələr və onda fikir və hidayət alovu alovlanar.

“Şahid olaraq qulaq asan kəs” dedikdə ən azı ağıl və düşüncəsi yoxdursa, heç olmasa ciddi şəkildə dinləsin. “O isə şəhiddir” dedikdə onu hüzur və diqqətlə dinləmək nəzərdə tutulur. Şəhadət üç məna daşıyır ki, onlardan biri də orada olmaqdır. Ayədə deyilir ki, ona ürəkdən qulaq asmalısan.

Quran ayələrindən istifadə etməyin iki şərti

Deməli, ayənin mənası budur ki, bu kitab bütün insanları hidayət etmək gücünə malikdir. Bəs bütün insanlar bu mənbə və ilahi kəlamın hidayət etməsi ilə hidayət olunurmu? Xeyr, çünki bir şəxsin bu hidayətdən istifadə etməsinin şərti insaflı olamsı, inadkarlıq və düşmənçilik etməməsidir. Bu səbəbdən ayədə bildirilir ki, Quran insandakı bütün qəflətləri aradan qaldırma qabiliyyətinə sahibdir. Amma bunun üçün iki məqama ehtiyac var. Bunlardan biri insanın ağıl və düşüncələrini azad etməsi və Quran ayələri üzərində ağıllı şəkildə düşünməsidir.

İnsanlar iki qrupdur: Bəzi insanlar fikirləşərək, düşünərək məsələləri həll edirlər. Yəni düşünmədən ağızlarını açmırlar. Bu insanlar ağıldan istifadə etmək və məsələləri ağılla təhlil etmək istedadına və səbrinə malikdirlər. Bir çox insanlar da belə olmaya bilər. Amma bir sözü eşidib bəyənsələr, onu qəbul edərlər. Lakin özləri bu barədə düşünməzlər. Bu səbəbdən bizim iki dəlilimiz var: əqli dəlil və nəqli dəlil.

Quran hər iki dəlili təsdiqləyir. Bu səbəblə də buyurur ki, Qurandan düşüncə və idrak sahibi olanlar faydalanar. Bunlar mütləq nicat sahilinə çatacaq. Ya da maniələri aradan qaldırıb digərlərinin ayələr barədə apardıqları elmi araşdırmalara bəhrələnmək niyyəti ilə qulaq asan bir insan Qurandan faydalanar. Bu şəxs də həqiqətə yetişər.

4077741

captcha