IQNA

Dostların şəxsiyyətimizə təsiri

11:10 - September 19, 2022
Xəbər sayı: 3492946
Sosioloqların fikrincə, insan sosial varlıq olduğu üçün həmnişin və həmsöhbətə ehtiyaclıdır. Amma hər cür dostluq insana faydalı olmadığı üçün dost seçmək insanın indiki və gələcək həyatında çox önəmlidir. Bu, bəzən də insanın taleyini dəyişir.

Dostların şəxsiyyətimizə təsiriQurani-Kərim ümumi bir qanunda bütün möminləri dost və qardaş hesab edir. Möminlərin bir-birinə belə baxmasını gözləyir. Qurani-Kərim buyurur: "Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!" (Hücürat, 10).

Buna görə də bütün möminlər bir-biri ilə dost və qardaşdırlar. Dünya və axirət işlərində tərəqqi üçün bir-birlərinə kömək etməlidirlər.

İnsanın şəxsiyyətini təşkil edən amillərdən biri də həmnişin və dostudur. Çünki insan təsirlənir və düşüncələrinin, əxlaqi keyfiyyətlərinin mühüm hissəsini dostları vasitəsilə əldə edir. Qurani-Kərimin başqa bir ayəsində isə pis dostluq hallarından və onların çirkin xüsusiyyətlərindən bəhs edilir. Yalnız möminlərin bir-birinə yaxşı dost ola biləcəyindən vurğulanır: "(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!" (Sad, 24(.

Dost seçimində diqqətli olmamaq, bu dünyada zərər verməklə yanaşı, Qiyamət günü də peşmançılıq doğurar. Necə ki, Qurani-Kərim cəhənnəm əhlinin kəlamında buyurur: "Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim" (Furqan, 28). Qiyamət günü insanın peşmançılıqlarından biri də pis dost seçməkdir.

Günah və fitnə üzərində qurulan dostluqlar o gün düşmənçiliyə çevrilər. Çünki onların hər biri digərini öz bədbəxtlik və yoxsulluğuna səbəb hesab edir. Digər tərəfdən mömin və təqvalı insanlar var ki, onların dostluğu həm dünyada, həm də axirətdə bərəkət gətirir. Çünki onlarla dostluq və yoldaşlıq bərəkət və tərəqqi ilə doludur.

captcha