“İQNA”-nın "əl-Əhd"ə istinadən verdiyi məlumata görə, "Həşdi-Şəbi"nin İraqın Orta Fərat bölgəsi üzrə komandanlığı bildirib: "Təşkilatın 30 min üzvü ümmətin şəhid liderinin cənazəsinin Nəcəf və Kərbəlada keçiriləcək dəfn mərasiminin təhlükəsizliyini təmin edəcək".
Komandanlığın bəyanatına əsasən, bu qüvvələr bu gün səhərdən mərasim başa çatana və ümmətin şəhid liderinin cənazəsi ilə vidalaşma mərasimi yekunlaşana qədər Nəcəf və Kərbəla şəhərlərində təhlükəsizliyə cavabdeh olacaqlar.
"Həşdi-Şəbi"nin Orta Fərat əməliyyatlarına komandanlıq edən briqada generalı Əli əl-Həmdani Ayətullahül-üzma şəhid Seyid Əli Xameneinin (qüdsə sirruhu) cənazəsinin Nəcəfi-Əşrəf və Kərbəlayi-Müəllə şəhərlərində dəfn mərasiminin keçirilməsi üçün təşkilatın tam hazır olduğunu bildirib.
O qeyd edib: "Mərasimin keçirilməsi üçün bütün logistik hazırlıqlar görülüb və şəhid liderin cənazəsi müxtəlif marşrutlarda, o cümlədən Kərbəla-Nəcəf yolundan tutmuş İmam Hüseynin (ə) hərəminə qədər qarşılanacaq və yola salınacaq".
Şəhid liderin cənazəsinin qarşılanmasında tarixi məsuliyyəti yerinə yetirməyin vacibliyini vurğulayan əl-Həmdani deyib: "Hüseyni xidmət karvanları (möküblər) əzadarları qəbul etmək üçün qida, su və digər zəruri vasitələrlə tam təchiz olunub. Həmçinin, təcili tibbi yardım və xilasetmə üçün təcili yardım maşınları mərasim boyu ərazidə yerləşdiriləcək".
Eyni zamanda, "Həşdi-Şəbi"nin əməliyyatlar üzrə qərargah rəisinin müavini Yasir Hüseyn əl-İsəvi çərşənbə günü Nəcəfi-Əşrəf və müqəddəs Kərbəla əyalətlərində keçiriləcək Ayətullahül-üzma Seyid Əli Xameneinin dəfn mərasimi ilə bağlı bütün icra və təşkilati planların tamamlandığını açıqlayıb.
O əlavə edib: "Mərasimin təhlükəsizlik, xidmət və asayiş planları "Həşdi-Şəbi" bölmələri, İraqın təhlükəsizlik qüvvələri və digər aidiyyəti qurumlar arasında tam koordinasiya ilə hazırlanıb. Əsas proqramla yanaşı, mərasimin rəvan və nizamlı keçməsini təmin etmək üçün alternativ ssenarilər də nəzərdə tutulub".
Əl-İsəvi vurğulayıb ki, bu mərasim üçün səfərbər edilmiş yüksək hazırlıq səviyyəsi və imkanlar İraqın dəfn mərasimini möhtəşəm şəkildə keçirmək əzmini nümayiş etdirir.
O həmçinin qeyd edib ki, İslam İnqilabının şəhid liderinin dəfn mərasimi ABŞ və sionist rejimin təcavüzü nəticəsində şəhid olanların qanına sədaqət mesajıdır.
4362438