İQNA – Fələstinlilər küçələri bəzəyərək və dini ilahilər oxuyaraq, Əl-Əqsa məscidi və İordan çayının qərb sahilinin digər bölgələrində Peyğəmbərin (s) mövlud gününü qeyd ediblər.
“İQNA”-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün fələstinlilər İordan çayının qərb sahilində, xüsusilə işğal altındakı Qüdsdə yerləşən Əl-Əqsa məscidində və Xəlildəki İbrahimi məscidində Peyğəmbərin (s) mövludunu yad ediblər. Bu bayram münasibətilə bazarlar bəzədilib və dini nəğmələr səsləndirilib.
İşğal altındakı Qüdsdə yerləşən Əl-Əqsa məscidində yüzlərlə fələstinli xütbələr, dini dərslər və duaları əhatə edən anım mərasimindən sonra zöhr namazını qılıblar.
Bundan əvvəl Qüdsün İslam Vəqfləri İdarəsi bir bəyanat yayaraq, məsciddə Mövlud mərasiminin keçirilməsinə çağırış etmişdi. İdarə, Qüds alimlərinin çıxışları, eləcə də ilahi və mədhiyyə qruplarının ifaları ilə Əl-Əqsada şənliyin keçiriləcəyini bildirmişdi.
Bazar ertəsi günü Ali İslam Şurasının rəhbəri və Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri fələstinliləri məscidə gəlməyə və bu günü orada qeyd etməyə çağırmışdı.
İordan çayının qərb sahilinin cənubundakı Xəlil şəhərində yüzlərlə fələstinli İbrahimi məscidində zöhr namazını qılıb və Həzrət Məhəmmədin (s) həyatı haqqında dini xütbələrə qulaq asıblar. Məscidin xaricində, köhnə şəhərə gedən küçələrdə uşaqlar yoldan keçənlərə şirniyyat paylayıb, Xəlilin rəsmi bərpa komitəsi tərəfindən təşkil edilən dini musiqi qrupları isə ifalar təqdim ediblər.
İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində isə sakinlər köhnə şəhərin bazarlarını işıqlı fənərlər və aypara formalı dekorasiyalarla bəzəyib, bayram münasibətilə şirniyyat paylayıblar. Bu zaman dini musiqi qrupları ilahilər ifa ediblər.
Fələstinlilər hər il Fələstində rəsmi tətil günü olan Rəbiül-əvvəl ayının 12-də Həzrət Məhəmmədin (s) doğum gününü qeyd edirlər.
4372049