İQNA – Məhəmməd peyğəmbərin (s) mövlud bayramı münasibətilə Əlcəzairin Böyük məscidində keçirilən tədbirdə milli və beynəlxalq Quran əzbərlənməsi müsabiqələrinin ən yaxşı nəticə göstərən xanım və bəyləri mükafatlandırılıb.
“İQNA”-nın "Əl-Əyyam"a istinadən verdiyi məlumata görə, bu mərasim bazar ertəsi, sentyabrın 2-də Məhəmməd peyğəmbərin (s) mövludu gecəsinin qeyd edilməsi adı altında, Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun təmsilçisi kimi Baş nazir Səifi Qəribin sədrliyi ilə Əlcəzairin "Məhəmmədiyyə" bölgəsindəki Böyük məscidində təşkil olunub.
Tədbirdə Quranın tam əzbərlənməsi üzrə daxili müsabiqələrin, "Mövlud" Quran əzbərləmə və tilavət yarışlarının, habelə beynəlxalq Quran müsabiqələrinin ən yaxşı nəticə göstərən gənc oğlan və qızları mükafatlandırılıblar.
"Mövlud" Quran əzbərləmə və tilavət müsabiqəsinin qalibi Muaz Əbdürrəhman Əbud, ikinci yerin sahibi Yusif Talibi, üçüncü yeri tutan Əyyub Səni və Seneqalın paytaxtı Dakarda keçirilən Afrika ölkələri üzrə "Kral Salman ibn Əbdüləziz" adına beynəlxalq Quran və Peyğəmbər sünnəsi (hədis) müsabiqəsində birinci olmuş Bumerdas əyalətindən Məhəmməd Səlahəddin Rəmmal mükafatlandırılanlar arasında olublar.
Həmçinin bu tədbirdə Səudiyyə Ərəbistanının 46-cı beynəlxalq Quran müsabiqəsinin xanımlar bölməsində birinci dərəcə üzrə qalib gələn Sətif əyalətindən Cümana Şərabatiyyə, həmin müsabiqənin xanımlar bölməsində üçüncü dərəcə (yeddi müتəvatir qiraətlə, düzgün əda və təcvidlə tam Quran əzbəri) üzrə birinci yeri tutan Bumerdas əyalətindən Səfa İman ibn Yəhya və həmin müsabiqənin bəylər bölməsində düzgün əda, təcvid və təfsirlə tam Quran əzbəri üzrə ikinci yeri tutan Şələf əyalətindən Zəkəriyyə Fəttal təltif ediliblər.
Bu mərasim Peyğəmbərin (s) mövludunun qeyd edilməsi və Quranın əzbərlənməsi və tilavətinə hörmət göstərilməsi, xüsusilə də milli və beynəlxalq yarışlarda uğur qazanmış əlcəzairli qari və hafizlərin həvəsləndirilməsi çərçivəsində keçirilib.
4372147