İQNA – Peyğəmbər Əkrəmin (s) mövludu münasibətilə təşkil olunan mərasimlər dünən gecə Türkiyənin bütün məscidlərində keçirilib.
"İQNA"nın "Daily Sabah"a istinadla verdiyi xəbərə görə, çərşənbə axşamı Türkiyənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar dua etmək və Peyğəmbərin (s) mövludunu anmaq üçün məscidlərə toplaşıblar.
Mövlud gecəsi namazından əvvəl İstanbulun Çamlıca və Əyyub Sultan kimi məşhur məscidlərində xüsusi Quran tilavətləri təqdim edilib. İbadətə gələnlər Quran tilavətindən sonra geniş iştirakla dualar ediblər.
Proqramlar məğrib namazından əvvəl Quran oxunması ilə başlayıb, Həzrət Məhəmmədin (s) şəninə deyilən mədhiyyə və qəsidələrlə davam edib. Mərasim camaat namazı ilə yekunlaşıb.
Mərasimin sonunda Diyanət İşləri Başqanlığının nümayəndələri Fatih, Əyyub Sultan və Sultan Əhməd kimi tarixi məscidlərdə ibadət edənlərə ənənəvi şərbət paylayıblar.
Eyni mərasimlər bu müqəddəs gecə münasibətilə Türkiyənin paytaxtı Ankarada və ölkənin bütün vilayətlərində keçirilib. Ankarada "Mövlud gecəsi" münasibətilə xüsusi proqram Beştəpə Millət Məscidində təşkil edilib. Prezident kompleksində yerləşən bu məsciddə məğrib namazından sonra xalqın coşqulu iştirakı ilə keçirilən mərasimdə Quran tilavəti və mövlud qiraəti yer alıb.
Diyanət İşləri Başqanlığına bağlı xor qrupu dini nəğmələr və mədhiyyələr ifa edib, bu ifalar kütləvi şəkildə salavat və təkbir sədaları ilə müşayiət olunub.
Proqram ərzində Fələstin, Qəzzə, Şərqi Türküstan və Myanma üçün, eləcə də bütün şəhidlər və dünyasını dəyişənlər üçün xüsusi dualar edilib.
4372109