İQNA – İslam Peyğəmbərinin (s) mövludu münasibətilə Pakistanın paytaxtı İslamabaddakı Cinnah Konqres Mərkəzində, Pakistan hökumətinin Din İşləri və Dinlərarası Harmoniyalaşdırma Nazirliyinin təşəbbüsü ilə “Peyğəmbərin (s) sirəsinin (həyat tərzi) işığında yeni nəsil” mövzusunda beynəlxalq konfrans keçirilib.
"İQNA"nın "Kərbəla əl-An"a istinadla verdiyi xəbərə görə, konfrans “Peyğəmbərin (s) sirəsinin işığında müdafiə, quruculuq və yeni nəslin rolu” başlığı altında təşkil olunub. Konfransın əsas mövzuları Peyğəmbərin həyat tərzinin müxtəlif aspektləri, xüsusilə yeni nəsil üçün intellektual, əxlaqi və sosial təlimin əhəmiyyəti, şəxsiyyətin formalaşdırılması və gənclərin İslam dəyərləri və prinsipləri ilə əlaqəsinin gücləndirilməsi olub.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif konfransın xüsusi qonağı, Din İşləri və Dinlərarası Harmoniyalaşdırma Naziri Sərdar Məhəmməd Yusif isə tədbirin təşkilinə nəzarət edən şəxs olub.
Konfransda Pakistanın müxtəlif məzhəb və məktəblərindən olan çoxsaylı din alimləri, şeyxlər, həmçinin tanınmış dini, elmi və ictimai xadimlər, eləcə də ölkənin müxtəlif sahələrinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər vurğulayıblar ki, Peyğəmbər Əkrəmin (s) sirəsi yeni nəslin əxlaqi tərbiyəsi və islahı, habelə təhlükəsizlik, sabitlik və ədalət prinsiplərinə əsaslanan bir cəmiyyətin qurulması üçün mükəmməl bir mənbədir. Onlar gənclərin müasir dövrdə üzləşdiyi intellektual, əxlaqi və sosial çətinliklərin həllində Peyğəmbər yanaşmasından ilham almağın zəruriliyini qeyd ediblər.
Pakistan Mərkəzi Ayın Görünməsi Komitəsinin rəhbəri və Lahordakı Padşahı məscidinin xətibi Mövlanə Məhəmməd Əbdülxəbir Azad da konfransda çıxış edərək, gənclərin Peyğəmbərin (s) sirəsi əsasında tərbiyə olunmasının, milli birliyin möhkəmləndirilməsinin, dinlərarası harmoniyanın və sülh, tolerantlıq dəyərlərinin yayılmasının vacibliyinə toxunub.
Mərasimdə bir sıra nazirlər və dövlət rəsmiləri, eləcə də çoxsaylı səfirlər, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar yeni nəslin hazırda çoxsaylı intellektual və sosial problemlərlə üzləşdiyini qeyd edərək, bu çətinliklərin öhdəsindən gəlmək üçün Peyğəmbərin (s) mübarək təlimlərinə qayıtmağın və onları praktiki həyat təlimatına çevirməyin vacibliyini vurğulayıblar. Onlar təsdiq ediblər ki, Peyğəmbərin (s) həyat tərzi ədalət, mərhəmət, sevgi, dözümlülük, qardaşlıq və gözəl əxlaqın kamil nümunəsidir.
Konfransda, həmçinin alimlərin, təhsil müəssisələrinin, ailələrin, dini qurumların və dövlət orqanlarının əməkdaşlığı ilə yeni nəslin əxlaqi və intellektual inkişafı, habelə onların sosial və milli məsuliyyətləri barədə məlumatlandırılmasının vacibliyi qeyd olunub.
Vurğulanıb ki, Peyğəmbərin (s) sirəsi sadəcə tarixi bir hesabat deyil, fərdin, ailənin və cəmiyyətin qurulması, müasir dövrdə əxlaqi və sosial dəyərlərin təşviqi üçün inteqrasiya olunmuş və praktiki bir yanaşmadır.
Konfrans dünən, avqustun 27-də Peyğəmbərin (s) sirəsinin yeni nəsillərin həyatında daha çox yer alması, sülh, birlik və sabitlik içində yaşayan bir cəmiyyətin formalaşdırılması üçün gənclərin məsuliyyətli və əxlaqlı bir nəsil kimi yetişdirilməsinin vacibliyinin vurğulanması ilə başa çatıb.
4372433