İQNA – Misirli bir alim şəhid rəhbər haqqında belə dedi: "Biz çox böyük bir sərvəti itirmişik və bu gün vəzifəmiz onun məktəbini və düşüncələrini qorumaqdır."
“İQNA”-nın İslam Məzhəblərini Yaxınlaşdırma Ümumdünya Assambleyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, misirli alim "Mənsur Mandur" 40-cı Beynəlxalq İslam Vəhdəti Konfransının açılış mərasiminin ikinci panelində Ayətullahul-üzma Seyid Əli Xameneinin vəfatına işarə edərək, onu İslam dünyası üçün böyük bir sərvət adlandırıb və bildirib: "Biz çox böyük bir sərvəti itirmişik və bu gün vəzifəmiz onun məktəbini və düşüncələrini qorumaq, bu məktəbin tərbiyəvi və təlim metodlarını öz dərslərimizə daxil etməkdir."
O, şəhid rəhbərin düşüncələrini tanımağın və ondan bəhrələnməyin zəruriliyini vurğulayaraq əlavə edib: "Onun ideyaları və baxışları ilə tanış olmaq üçün çox çalışmışam; çünki o, müsəlmanların problemlərini dərindən dərk edərək İslam ümmətinin məsələlərinə xüsusi diqqət yetirir və müsəlmanların İslamın əsaslarına və prinsiplərinə qayıtmasına təkid edirdi."
Müsəlmanların Qurani-Kərimin və ilahi vəhyin təlimlərindən uzaq düşməsini tənqid edən misirli alim qeyd edib: "Təəssüflər olsun ki, bu gün Qurandan və İslamın təlimlərindən danışmaqdansa, öz ideyalarımızın və fərdi şərhlərimizin əsiri olmuşuq. Ötən əsrlər ərzində davranışlarımızın bir çoxu cahiliyyət məntiqinin təsiri altında qalıb; halbuki biz Qurana, ilahi vəhyə və Peyğəmbəri-Əkrəmin (s) sirəsinə qayıtmalıyıq."
Mandur sözlərinə belə davam edib: "Qurani-Kərim müsəlmanlardan Allahın ipindən möhkəm yapışmağı və ixtilafdan, parçalanmadan uzaq durmağı tələb edir. Lakin bu gün bir-birimizdən uzaq düşmüşük və düşmənlərə qarşı lazım olduğundan daha çox güzəştə gedirik. Allah bizdən Allah düşmənlərinə və İslam ümmətinin düşmənlərinə qarşı güclü və hazır olmağı istəyib, lakin təəssüf ki, bir çox müsəlman yalnız öz fərdi və daxili mənafelərinə diqqət yetirir və İslam ümmətinin nəhəng potensialından qafil qalıblar."
İslam ölkələrinin, xüsusilə də ərəb dövlətlərinin geniş imkanlarına toxunan alim deyib: "Əgər ərəb və İslam ölkələri öz insani, coğrafi və iqtisadi potensiallarını bir araya gətirsələr, nəhəng bir qüvvə formalaşar. Bununla belə, təəssüf ki, indiyədək bu imkanlardan düzgün istifadə edib dünyadakı layiq olduğumuz yerə qayıda bilməmişik."
İxtilaf və parçalanmanın İslam ümmətini zəiflətdiyini vurğulayan misirli alim bildirib: "Biz unutmuşuq ki, bir vaxtlar İslam sivilizasiyasında yüksək yerə və əzəmətə malik idik və bunun səbəbi ixtilaflara düşmək əvəzinə, "üməti-vəsət" (orta ümmət) kimi öz rolumuzu düzgün ifa etməyimiz idi. Bu gün xeyri şərdən ayırt etməli və bilməliyik ki, Qurani-Kərim müsəlmanları vəhdətə və ixtilafdan qaçmağa dəvət edib."
Mandur sonda qeyd edib: "İmam Xameneinin təfəkkürünə və düşüncəsinə qayıtmalı, İslam ölkələrinin şöhrət və əzəmətini canlandırmaq, İslam ümmətinin dünyadakı mövqeyini bərpa etmək üçün çalışmalıyıq."
4372387