IQNA

10:52 - August 29, 2026
Xəbər sayı: 3501069
Hindistan Camaati İslam təşkilatının sədr müavini izah etdi:

Fələstin amalı müsəlmanların birliyi üçün bir nöqtədir

İQNA – Hindistanlı mütəfəkkir dedi: "Fələstin amalı sadəcə geosiyasi bir məsələdən daha üstündür. Çünki biz İslam ümmətinin bir hissəsiyik. Məscidül-Əqsa bir İslam hərəmidir və Fələstin xalqının hüquqlarını müdafiə etmək müsəlmanların birliyi və həmrəyliyi üçün bir nöqtə ola bilər."

 

“İQNA”-nın İslam Məzhəblərini Yaxınlaşdırma Ümumdünya Assambleyasının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, Hindistan Camaati İslam təşkilatının sədr müavini "Məlik Möhtəsəm Xan" 40-cı Beynəlxalq İslam Vəhdəti Konfransının açılış mərasiminin ikinci panelində İslam dünyasının indiki şəraitinə toxunaraq bildirib: "Bu il Peyğəmbəri-Əkrəmin (s) mövludu elə bir şəraitdə qeyd olunur ki, onun əsas davamçılarından biri şəhid olub, dünyada yeni qüvvələr meydana gəlir və müxtəlif sahələrdə geniş transformasiyalar baş verir."

O əlavə edib: "Belə bir şəraitdə İmam Xamenei bizə öyrədib ki, vəhdətə və İslam ümməti anlayışına diqqət yetirməliyik; azadlıq və müstəqillik axtaran xalqlar vəhdət yolunda hərəkət etməlidirlər."

Hindistan Camaati İslam təşkilatının sədr müavini Qurani-Kərimin təlimlərinə əsaslanaraq vurğulayıb: "Hamımız Allahın ipindən möhkəm yapışmalıyıq və parçalanmamalıyıq; çünki parçalanmanın nəticələrindən biri ixtilafın yaranması və müsəlmanların zəifləməsidir. Buna görə də özümüzü gücləndirməli və bilməliyik ki, vəhdət sadəcə arzuolunan bir keyfiyyət və şüar deyil, İslam ümmətinin güc mənbəyidir."

O, sözlərini belə davam etdirib: "Bu prinsip İmam Xomeyninin (r.ə) də vurğuladığı təməl prinsiplərdən biri idi. O, daim müsəlmanların vəhdətinin zəruriliyinə, xüsusilə də şiə və əhli-sünnə arasındakı ixtilafların həllinə təkid edir və bu fundamental sualı verirdi ki, məzhəb ixtilaflarını necə düzgün şəkildə aradan qaldırmaq olar?"

Məlik Möhtəsəm Xan qeyd edib: "Biz müxtəlif məzhəbi təfsirləri və kimlikləri ləğv etmək istəmirik, əksinə, ixtilafları əxlaqlılıq, qarşılıqlı hörmət və ortaq məsuliyyətləri qəbul etməklə idarə etməliyik. Müsəlmanlar İslam dünyasının məsələləri qarşısında ortaq məsuliyyətlərini tanımalıdırlar."

O, Fələstin məsələsini İslam ümmətinin vəhdətinin reallaşması üçün ən vacib sahələrdən biri hesab edərək deyib: "Fələstin amalı sadəcə geosiyasi bir məsələdən daha üstündür; çünki biz İslam ümmətinin bir hissəsiyik. Məscidül-Əqsa bir İslam hərəmidir və Fələstin xalqının hüquqlarını müdafiə etmək müsəlmanların birliyi və həmrəyliyi üçün bir nöqtə ola bilər."

Hindistan Camaati İslam təşkilatının sədr müavini əlavə edib: "Nil çayından Fərat çayınadək xalqlar və müsəlmanlar müxtəlif dillərdə və mədəniyyətlərdə yaşayırlar, lakin ortaq bir məsuliyyət daşıyırlar. Fələstin məsələsi göstərdi ki, İslam ümmətinin vəhdəti coğrafi sərhədlərdən kənardadır."

İmam Xomeyninin (r.ə) dinlərarası qarşılıqlı əlaqə ilə bağlı düşüncələrinə işarə edərək deyib: "İmam Xomeyninin (r.ə) düşüncəsinin digər bir ölçüsü müxtəlif dinlərin davamçıları arasında əlaqə və əməkdaşlıq üçün zəmin yaratmaq idi. Əməkdaşlıq üçün hamımızın bir-birimizə bənzəməyimiz lazım deyil; fərqli kimliklərə sahib ola bilərik, lakin eyni zamanda birləşib ortaq hədəflər üçün əməkdaşlıq edə bilərik."

Məlik Möhtəsəm Xan İslam dünyasının həssas bir dövrdə olduğunu bildirərək vurğulayıb: "Parçalanma içində olduğumuz müddətcə zəif qalacağıq və İslam dünyası gənclərinin enerjisi və potensialı əbəs rəqabətlərdə və ixtilaflarda boşa çıxa bilər."

O, sonda deyib: "Bir daha Qurani-Kərimə müraciət etməliyik; çünki vəhdət bir yerdə olmaq və irəliləmək üçün əsas şərtdir. Bir-birimizi qınamadan, bir-birimizə iman gətirməliyik. Ümid edirik ki, Allah bizi parçalanmaqdan uzaq tutar və ədalət və sülhün bərqərar olması üçün yan-yana və bərabər şəkildə hərəkət etmək müvəffəqiyyətini bizə nəsib edər."

4372390

captcha