İQNA – Türkiyə Prezidenti bildirdi: “Biz həm öz aramızda, həm də bütün İslam dünyasında ittifaqları gücləndirmək və ixtilafları azaltmaq üçün çalışırıq”.
“İQNA”nın “Hürriyyət”ə istinadla verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasında daha çox əməkdaşlıq və birlik çağırışı edərək bildirib ki, müsəlmanlar öz hüquqlarını qorumaq və ya regionda sülhü bərqərar etmək üçün başqalarına arxalana bilməzlər.
Ərdoğan İstanbulda Məhəmməd Peyğəmbərin (s) mövludu münasibətilə keçirilən mərasimdə deyib: “Biz müsəlmanlar başqalarına ümid bağlamaqla heç bir yerə çatmayacağıq”.
O, əlavə edib: “Güclü və çəkindirici qüdrətə malik olmalıyıq, hüquqlarımızı müştərək şəkildə müdafiə etməli və regionumuzda sülh və təhlükəsizliyin təmin olunması üçün birgə səy göstərməliyik”.
Ərdoğan qeyd edib ki, Türkiyə həm ölkə daxilində, həm də bütün İslam dünyasında ittifaqları və əməkdaşlıqları gücləndirməyə, fikir ayrılıqlarını isə azaltmağa çalışır.
O, həmçinin İsrail rejiminin regionu qeyri-sabitləşdirməyə çalışdığını bildirib və beynəlxalq təşkilatları Qəzzada, İordan çayının qərb sahilində və Livanda mülki itkilərin qarşısını almaqda aciz qaldıqlarına görə tənqid edib.
Türkiyə Prezidenti milyonlarla fələstinlinin sağ qalmaq və əsas ehtiyaclarını qarşılamaq üçün ciddi problemlərlə üzləşdiyini deyərək, Qəzzanı “dünyanın ən böyük uşaq qəbiristanlığı” adlandırıb.
Ərdoğan, həmçinin İsrailin Livana hücumlarının 1,3 milyon insanın didərgin düşməsinə və 4 mindən çox insanın şəhid olmasına səbəb olduğunu bildirib. 12 mindən çox insan isə yaralanıb ki, onların da əksəriyyəti qadınlar və uşaqlardır.
Ərdoğan deyib: “Nə qlobal qurumlar, nə də beynəlxalq ictimaiyyət bu qırğınların qarşısını almaq üçün güclü iradə nümayiş etdirə bilir”.
O, çıxışının davamında vurğulayıb: “Biz inanırıq ki, birlikdə fəzilət var”.
Türkiyə Prezidenti əlavə edib: “Biz həm öz aramızda, həm də bütün İslam dünyasında ittifaqları gücləndirmək və ixtilafları azaltmaq üçün səy göstəririk”.
4372644