İQNA – Amerika-İslam Münasibətləri Şurası (CAIR) İndianadakı bir restoran sahibinin hicablı işçisini İslamofob bəyanatlardan qorumaq üçün göstərdiyi qətiyyətli mövqeyi alqışlayıb.
“İQNA”-nın Amerika-İslam Münasibətləri Şurasına (CAIR) istinadla verdiyi xəbərə görə, ölkədəki ən böyük müsəlman vətəndaş hüquqları müdafiə təşkilatı olan bu şura, İndianadakı bir kafenin menecerinə təşəkkür edib. Menecer bir müştərinin gənc müsəlman işçinin hicabı ilə bağlı söylədiyi İslamofob fikirlərdən sonra onun müdafiəsinə qalxıb.
Məlumatlara görə, hadisə İndiananın Noblesvill şəhərindəki bir kafedə baş verib. Burada 15 yaşlı müsəlman işçi hicabla çalışırmış. Bildirilir ki, müştəri kafenin müsəlmanlar tərəfindən idarə olunub-olunmadığına dair şübhəsini bildirib və ardınca müsəlmanlara qarşı qorxu ehtiva edən ifadələr işlədib. Restoranın meneceri isə həmin müştəriyə bir daha bu restoranda xoş qarşılanmayacağını bildirib.
Bundan sonra müştəri restoran menecerindən şikayət etməyə çalışıb. Vaşinqtonda yerləşən Amerika-İslam Münasibətləri Şurası (CAIR) yaydığı bəyanatda qeyd edib:
“Heç bir işçi, xüsusən də gənc işçilər imanına və ya dini geyiminə görə qərəz və nifrətə məruz qalmamalı, iş yerində özünü təhlükəsiz hiss etməlidir. Biz İndianadakı bu restoran menecerinə hər bir işəgötürənin etməli olduğu işi gördüyü üçün, yəni işçisinin yanında olduğu və dini qərəzçiliyin nə iş yerimizdə, nə də cəmiyyətimizdə yeri olmadığını açıq şəkildə bildirdiyi üçün təşəkkür edirik”.
Amerika-İslam Münasibətləri Şurası bəyan edib ki, bu hadisə İslamofob ayrı-seçkilik və təqiblərin işəgötürənlər tərəfindən ciddi qəbul edilməsinin vacibliyini nümayiş etdirir. Şura əlavə edib: “Hicablı müsəlman işçiyə digər bütün işçilərə göstərilən eyni ləyaqət və hörmətlə yanaşılmalıdır və bir müştərinin əsassız iddiaları işçini dini nifrətə məruz qoymağa bəraət qazandıra bilməz”.
4373017