İQNA – Yəmənli bir media fəalı İslam ümmətinin qələbə və tərəqqisinin sirrinin Allaha və Qurana sarılmaq, eləcə də məzhəblər arasındakı ortaq dini dəyərlərə söykənmək olduğunu vurğulayıb.
Yəmənli media fəalı Seyid Əhməd Əbdülməlik Beynəlxalq İslam Vəhdəti Konfransının kənarında “İQNA”ya verdiyi müsahibədə vurğulayıb ki, İslam ümmətinin tərəqqisi yalnız vəhdətə nail olmaq, ixtilaflardan çəkinmək və düşmənin tələsinə düşməməklə mümkündür.
Müsahibənin geniş mətni:
İQNA: İslam ümmətinin rəhbəri, şəhid Ayətullah Seyid Əli Xameneinin düşüncəsində “İslam ümməti” nəzəriyyəsini və dinlərin, İslam məzhəblərinin müqəddəsatına hörmətsizlikdən çəkinməyi necə qiymətləndirirsiniz?
Şəhid rəhbərin düşüncəsi haqqında bunu qeyd etmək lazımdır ki, o, daim vəhdətin qorunmasından danışır və müqəddəs Quranın “Hamılıqla Allahın ipindən (dindən) möhkəm yapışın və parçalanmayın” ayəsinə əsasən İslam vəhdətinə dəvət edirdi. O bilirdi ki, amerikalılar və digərləri ümməti parçalamağa çalışırlar ki, onları bir-bir hədəfə ala bilsinlər. Buna görə də o, nitqləri, siyasətləri və ümumi yanaşmasında İslam vəhdəti layihəsinə əsasən hərəkət etdi və ümməti tikə-tikə edib bölməyə çalışan Amerika və sionist layihəsinə qarşı çıxmaq üçün vəhdəti vurğuladı. O, hamını təriqətçilik həssaslıqlarından və təəssübkeşliklərdən uzaq olmağa çağırdı, çünki bu məsələlər İslama zərər vurur və düşmənlərə xidmət edir.
İQNA: Sizcə, müsəlmanların qələbə və tərəqqisinin sirri nədir və Vəhdət Həftəsinin İslam cəmiyyətinə çatdırmalı olduğu ən mühüm mesaj nədir?
İslam ümmətinin qələbə və tərəqqisinin sirri bizi bir-birimizdən ayıran şeylərə deyil, Allaha, Qurana sarılmağa və ortaq cəhətlərə güvənməyə bağlıdır. İşləməli olduğumuz məqam budur. “Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər” ayəsinə əsasən, Allahın yardımı necə gerçəkləşir və Allahın bizə yardım etməsi üçün necə hərəkət etməliyik? Vəhdət, həmrəylik və ümmətin əsasında fəaliyyət göstərməli olduğu müsbət hərəkət vasitəsilə. Bu gün əsas sirr vəhdətimizdədir və Vəhdət Həftəsi yalnız bir həftə ilə məhdudlaşmamalı, gələcək həftələr və aylar üçün bir başlanğıc olmalıdır ki, inşallah, İslam ümməti vahid və möhkəm bir bədənə çevrilsin.
İQNA: Regional və beynəlxalq hadisələr qarşısında İslam ümmətinin davamlı sülh və təhlükəsizliyə, izzət və qüdrətə çatmasının yolu nədir?
Əsas yol müqəddəs Qurana, İslam prinsiplərinə və dəyərlərinə qayıtmaq, İslam vəhdəti yolunda hərəkət etmək və Amerika-sionist layihəsinə qarşı durmaqdır. Bu sütunlar olmadan təhlükəsizlik sahilinə çata bilmərik. Xüsusilə də düşmən gecə-gündüz İslam ölkələrini bölməklə onları tək-tək hədəfə almağa çalışır.
İQNA: Müqavimət iqtisadiyyatının qurulması və İslam ölkələri arasında iqtisadi əməkdaşlıq İslam ümmətinin müstəqilliyini və izzətini təmin etməkdə nə dərəcədə təsirli və səmərəli olacaq?
Bu gün müdafiənin və daxili cəbhənin gücləndirilməsinin əsas hissəsi özünütəminetmədir. Əgər ərəb və İslam ümməti öz resursları və iqtisadiyyatı ətrafında birləşsə, malik olduğumuz bütün o sərvətlər və nemətlərlə dünyanın ən yaxşı ölkələrindən birinə çevriləcəyik. Buna görə də hamı özünütəminetməyə doğru hərəkət etməli və eyni zamanda bütün dünyadakı İslam ölkələrinin iqtisadiyyatını dəstəkləməlidir.
İQNA: Din alimlərinin, medianın və akademiyaların təhrikedici ədəbiyyatın təbliğindən və dinlərin, məzhəblərin müqəddəsatına təcavüzdən çəkinməsi üçün vəzifəsi nədir?
Onların dini, əxlaqi və insani vəzifəsi ümməti ixtilafa düçar edən və Amerika-sionist layihəsinə xidmət edən hər şeydən uzaq durmaqdır. Onlar həmçinin xalqı, xüsusən də gəncləri Quran və İslam nümunəsi əsasında hərəkət etməyə təşviq etməli, ortaq cəhətləri vurğulamalı və ümməti hər hansı fitnədən çəkindirməlidirlər. Bu gün hər tərəfdən vəziyyəti pozan səslər eşidilə bilər. Buna görə də alimlərin vəzifələri budur ki, hərəkətə keçsinlər və öz borclarını yerinə yetirsinlər.
İQNA: Sizcə, İslam məzhəbləri arasında vəhdəti və yaxınlaşmanı çətinləşdirən ən mühüm daxili və xarici maneələr hansılardır?
İxtilaf amillərindən biri cəhalətdir; həmçinin gecə-gündüz fəaliyyət göstərən düşmənlərin oxları; və həmçinin onların daxildəki alətləri, yəni Amerika və sionist layihəsi üçün işləyən, fitnə törətməyə və xalqları parçalamağa çalışan amillərin mövcudluğu. Düşmən məhz bunun əsasında hərəkət edir, lakin inşallah, din alimlərinin və İran İslam Respublikasının müdrik rəhbərliyinin bərəkəti ilə onların planları boşa çıxacaq.
İQNA: Sizcə, İslam məzhəbləri arasındakı ortaq cəhətləri necə İslam ümmətinin möhkəm dayağının formalaşması üçün bir ümidə çevirmək olar?
Əgər ərəb və İslam ümməti “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın” ayəsinə əsasən hərəkət etsə, şübhəsiz ki, “Əgər siz Allaha yardım etsəniz, O da sizə yardım edər” ayəsinin gerçəkləşməsinə nail olacaqdır. Bu amillər hamını, xüsusilə cəmiyyət olaraq çətinliklər və çoxsaylı məşəqqətlərdən keçdiyimiz bir dövrdə, təhlükəsizlik sahilinə çatdıracaqdır.
Buna görə də hər kəs vahid bir bədən və möhkəm bir bina kimi hərəkət etməlidir ki, bizi parçalamağa və hissələrə bölməyə çalışan hər bir işğalçı və təcavüzkar üçün fürsəti aradan qaldıraq. Həmçinin xalqlarımız arasında müəyyən formada İngiltərənin “parçala və hökm sür” siyasətini həyata keçirməyə çalışanların da qarşısını almalıyıq.
Birlik, şüur, bəsirət və Qurani və İslami prinsiplərimizə bağlılıq sayəsində, inşallah, bütün fitnə-fəsad və sui-qəsdləri zərərsizləşdirə bilərik.
Qırxıncı Beynəlxalq İslam Birliyi Konfransı (24–30 avqust 2026-cı il) “Şəhid İmam, Ayətullah əl-üzma Seyid Əli Hüseyni Xameneinin (Allah onun pak ruhunu müqəddəs etsin) düşüncəsində İslam birliyi” mövzusunda keçirilmişdir.
4372952