İQNA – Ərəb şairləri Nəcəf-Əşrəfdə yerləşən “ər-Rövzətül-Heydəriyyə” kitabxanasına və İslam İncəsənəti sərgisinə səfərləri zamanı İmam Əli (ə) hərəminin daxilində qorunan zəngin elmi və mədəni irs kolleksiyasını yüksək qiymətləndiriblər.
“İQNA”-nın “əl-Ətəbətül-Ələviyyə”yə istinadən verdiyi xəbərə görə, Beşinci Beynəlxalq “Peyğəmbəri-Əzəm” (s) Ərəb Poeziyası Festivalı çərçivəsində keçirilən tədbirlərdən biri olaraq, festivalda iştirak edən ərəb şairləri İmam Əli (ə) müqəddəs hərəminin həyətlərinə baş çəkib, hərəmin kompleksində yerləşən ən görkəmli tarixi və memarlıq abidələri ilə tanış olublar.
Tədbirdə iştirak edən ərəb şairləri, həmçinin “ər-Rövzətül-Heydəriyyə” kitabxanasına və İslam İncəsənəti sərgisinə baş çəkiblər.
Şairlər “ər-Rövzətül-Heydəriyyə” kitabxanasında mövcud olan, böyük elmi, tarixi və ədəbi xəzinəni təşkil edən və mühüm intellektual-mədəni irsi əks etdirən materiallara heyranlıqlarını ifadə ediblər. Onlar İslam və bəşəri irsin qorunub saxlanılmasına töhfə verən kitab və mənbələr kolleksiyasını yüksək qiymətləndiriblər.
İştirakçılar, həmçinin İslam sənətinin gözəlliyini və orijinallığını əks etdirən qiymətli rəsm əsərləri və sənət nümunələrinin nümayiş olunduğu İslam İncəsənəti sərgisinə baxıblar. Onlar İmam Əli (ə) müqəddəs hərəminin ərazisindəki tarixi və memarlıq abidələrini də heyranlıqla qarşılayıblar.
Bu tədbirlər müxtəlif Quran, mədəniyyət, elm, dialoq və poeziya proqramlarını əhatə edən Beşinci Beynəlxalq “əs-Sadiqeyn” Həftəsinin zəngin proqramının bir hissəsidir. Bununla yanaşı, Həzrət Peyğəmbərin (s) mövludu münasibətilə keçirilən sosial tədbirlər də Ələvi müqəddəs hərəminin ətrafında və Nəcəf şəhərinin müxtəlif yerlərində təşkil olunur.
“Məktəbət ər-Rövzət əl-Heydəriyyə” (İmam Əli (ə) hərəminin kitabxanası) Nəcəf şəhərinin ən qədim və məşhur kitabxanalarından biridir və Əmirəl-möminin İmam Əlinin (ə) hərəminin həyətində yerləşir. Müxtəlif adlarla da tanınan bu kitabxana keçmişdən bəri nadir kitabların və alimlərin, müəlliflərin və görkəmli şəxsiyyətlərin əlyazmalarının qorunduğu məkan olub. Lakin əsrlər ərzində kitabxana müxtəlif zərərlərə məruz qalıb və çoxsaylı kitablar məhv olub.
Kitabxana Səddam Hüseyn rejimindən sonra Nəcəf-Əşrəfdə şiələrin ali mərcəyi-təqlidi Ayətullah Sistaninin göstərişi ilə yenidən bərpa edilərək fəaliyyətə açılıb. Bu gün Heydəriyyə Kitabxanası çoxsaylı imkanlara və müxtəlif şöbələrə malikdir.
4373014