IQNA

15:51 - September 01, 2026
Xəbər sayı: 3501096

Filippinin ASEAN ölkələri arasında vahid halal sertifikatlaşdırma sistemi yaratmaq cəhdi

İQNA – Filippin ASEAN üzvü ölkələr arasında halal sertifikatlarının verilməsi ilə bağlı vahid qaydaların qəbul edilməsi istiqamətində çalışır.

“İQNA”-nın “Arab News”ə istinadən verdiyi xəbərə görə, Filippinin Ticarət və Sənaye Nazirliyi bildirib ki, ölkə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlər arasında halal sertifikatlaşdırması üzrə vahid standartların yaradılması istiqamətində çalışır. Məqsəd məhsulların qarşılıqlı tanınmasını asanlaşdırmaq və Yaxın Şərq, eləcə də digər müsəlman bazarlarına çıxışı genişləndirməkdir.

ASEAN-ın 11 üzvündən üçü — İndoneziya, Malayziya və Bruney — müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdir. Bu üç ölkənin əhalisi 680 milyondan çox olan ASEAN blokunun ümumi əhalisinin 45 faizini təşkil edir.

Filippin əsasən katolik ölkəsi olsa da, burada əhəmiyyətli sayda müsəlman azlığı yaşayır. Müsəlmanlar təxminən 120 milyon nəfərlik ölkə əhalisinin 10 faizini təşkil edir.

Filippinin Ticarət Nazirliyi bildirib: “ASEAN ölkələri ümumilikdə İslam qanunlarına əsaslanan eyni fundamental halal prinsiplərinə riayət edirlər. Bununla belə, sertifikatlaşdırma prosedurları, akkreditasiya tələbləri, institusional mexanizmlər və tanınma sistemləri ölkələr arasında fərqlənir. ASEAN regionda daha böyük harmoniyanı təşviq etmək və ticarəti asanlaşdırmaq məqsədilə qida məhsulları üçün uyğunlaşdırılmış halal təlimatları və daha güclü qarşılıqlı tanınma sistemi yaratmağa çalışır.”

Nazirlik əlavə edib: “ASEAN üzrə, xüsusilə qida məhsulları üçün daha uyğunlaşdırılmış halal standartı daha böyük koordinasiya yaradacaq, uyğunluq xərclərinin azaldılmasına, ixracatçıların bazara çıxışının asanlaşdırılmasına, istehlakçıların etimadının artırılmasına və ASEAN daxilində ticarətin gücləndirilməsinə kömək edəcək.”

Qlobal halal bazarı, xüsusilə halal qida sektoru sürətlə böyüyür. Müsəlman bazarları üzrə ixtisaslaşmış ABŞ konsaltinq şirkəti “DinarStandard” tərəfindən iyun ayında yayımlanan “Qlobal İslam İqtisadiyyatının Vəziyyəti” hesabatına əsasən, 2024-cü ildə istehlakçıların halal qidaya xərcləri 1,53 trilyon dollar təşkil edib. Hesabatda bu bazarın həcminin 2029-cu ilə qədər 2,06 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Filippin 2026-cı ildə ASEAN-a sədrlik etdiyi üçün ötən ay ASEAN-ın halal qida üzrə işçi qrupunun iclasına ev sahibliyi edib. İclasda vahid halal standartları müzakirə olunub.

Filippinin Ticarət Nazirliyi bildirib ki, ASEAN üzv ölkələri hazırda daha koordinasiyalı regional yanaşmanın təşviqi məqsədilə ASEAN-ın halal qida ilə bağlı təlimatlarını nəzərdən keçirirlər. Filippin mövcud ASEAN mexanizmləri vasitəsilə bu müzakirələrdə fəal iştirak edir və gələcəkdə əldə olunacaq hər hansı razılaşma üzv ölkələrin konsensusundan asılı olacaq.

Şirkətlərin ASEAN, Yaxın Şərq və digər İƏT (İslam Əməkdaşlıq Təşkilatı) ölkələrindəki müsəlman istehlakçılara və ixrac bazarlarına çıxış əldə etməyə çalışması ilə halal sertifikatlaşdırmasına maraq artır.

Diqqətçəkən məqam ondan ibarətdir ki, halal məhsullara maraq müsəlmanların üstünlük təşkil etmədiyi bazarlara da yayılıb. Halal məhsulların istehsal prosesində ciddi təhlükəsizlik və təmizlik standartlarına uyğun olması sağlamlığına diqqət edən istehlakçılar üçün də cəlbedicidir. Bu isə halal məhsulların yüksək keyfiyyətli, təhlükəsiz və sağlam məhsullarla sinonim kimi qəbul edilməsinə səbəb olub.

4373252

captcha