IQNA

12:08 - September 02, 2026
Xəbər sayı: 3501101

İndoneziyada Quranın əlyazma nüsxəsinin rəqəmsallaşdırılması

İQNA – İndoneziyanın Açe bölgəsində Şeyx Əbdürrəhman Lambalo kimi də tanınan Tuanku Şiek Lambalo tərəfindən "mühəqqəq" xətti ilə yazılmış Quranın əlyazma nüsxəsinin rəqəmsallaşdırılmasına başlanılıb.

"İQNA"nın "voi.id" saytına istinadən verdiyi məlumata görə, yaşı təxminən 180 il olan bu Quranın mətni köhnəlmə əlamətləri göstərir və bəzi hissələrdə mürəkkəb silinib.

Rəqəmsallaşdırma prosesinin məqsədi əlyazmanın məzmununu qoruyub saxlamaqdır ki, orijinal sənədləri tez-tez açmağa və ya onlara toxunmağa ehtiyac qalmadan tədqiq etmək mümkün olsun.

Bu əlyazma sadəcə Quran mətnindən ibarət deyil; o, həmçinin haşiyələri, qeydləri və o dövrdə Açenin elmi ənənələrini, alimlər şəbəkəsini və sosial-dini həyatını əks etdirən digər sənədli məlumatları da özündə ehtiva edir.

Bu təşəbbüs Açedəki Banda bölgəsində yerləşən Ar-Raniri Dövlət İslam Universitetinin İslamşünaslıq üzrə doktorantı Nur Rəhminin apardığı tədqiqatın bir hissəsidir.

Tədqiqat avqustun 26-dan 28-dək Malayziyanın Şah Alam şəhərindəki MARA Texnologiya Universitetində keçirilən Kitabxana və İnformasiya Elmləri Assosiasiyasının (I-LISS 2026) 10-cu beynəlxalq konfransında təqdim olunub.

Nur Rəhmi bu barədə bildirib: "Rəqəmsal transformasiya sadəcə əlyazmaların rəqəmsal formata çevrilməsi deyil, həm də onların daxilindəki biliklərin qorunması və gələcək nəsillərə miras kimi ötürülməsi üçün atılan bir addımdır".

Nur Rəhminin sözlərinə görə, əlyazmanın fiziki vəziyyəti onun qorunması üçün əsas çətinlikdir. Keçmişdə adətən istifadə olunan dəmir tərkibli mürəkkəb uzun müddət ərzində kağızın korroziyasına səbəb ola bilər.

Tədqiqat rəqəmsallaşdırmadan öncəki mərhələ, rəqəmsallaşdırma və rəqəmsallaşdırmadan sonrakı mərhələ olmaqla üç pilləli bir prosesdən istifadə edib. İlkin mərhələlərə əlyazmanın seçilməsi, mülkiyyət və müəllif hüquqlarının təsdiqi, biblioqrafik məlumatların qeydiyyatı və avadanlıqların hazırlanması daxildir.

Sonrakı proseslərə isə fotoşəkillərin çəkilməsi, keyfiyyətə nəzarət, əsas faylın hazırlanması, metadataların idarə edilməsi və faylın formatının çevrilməsi daxildir. Daha sonra rəqəmsallaşdırmanın nəticələri toplanılır və sənədləşdirilir.

4373066

captcha