IQNA

15:22 - September 05, 2026
Xəbər sayı: 3501117

Fransız qadınların hicab qadağası planına etiraz kampaniyası

İQNA – Bir qrup fransız qadın, ifrat sağçı "Milli Birlik" partiyasının ictimai yerlərdə hicab taxılmasının qadağan edilməsi təklifinə etiraz olaraq sosial şəbəkələrdə kampaniya başladaraq, hicablı fotolarını və videolarını paylaşmaqla müsəlman qadınlarla həmrəylik nümayiş etdiriblər.

“İQNA”-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu kampaniya Fransanın ifrat sağçı partiyasının 2027-ci il prezident seçkilərində qələbə qazanacağı təqdirdə hicabın qadağan edilməsi ilə bağlı referendum keçirmək planına qarşı artan tənqidlərdən sonra formalaşıb. Bu planın müxalifləri bildirirlər ki, belə bir addım müsəlman qadınları hədəf alır və ayrı-seçkilik xarakteri daşıyır.

Kampaniyada iştirak edənlər baş örtüyü ilə çəkilmiş fotolarını paylaşaraq "Hicab taxan bütün vətəndaşlarımızın dəstəyi ilə" və "Əgər bu qanun qəbul olunarsa, dərhal hicab taxacağam" kimi mesajlar yayıblar.

Bu addım "Milli Birlik" partiyasının deputatı Jan-Filip Tanqinin bir televiziya proqramında partiyasının prezident seçkilərində qalib gələcəyi təqdirdə hicab taxan şəxslərin cərimələnəcəyini söyləməsindən sonra atılıb.

Tanqinin bəyanatı Fransada tənqidlərlə qarşılanıb; ictimai yerlərdə hicabın qadağan edilməsi "Milli Birlik" partiyasının seçki vədlərindən biri hesab olunur. Partiya hakimiyyətə gələcəyi təqdirdə təklif olunan qadağanı referenduma çıxaracağını bəyan edib.

Hazırda Fransanın dövlət sektorunun işçilərinə vəzifələrini yerinə yetirərkən aşkar dini simvollardan istifadə etmək icazəsi verilmir. Həmçinin, 2004-cü ildən etibarən dövlət ibtidai və orta məktəblərinin şagirdlərinə İslam hicabı da daxil olmaqla, aşkar dini simvolları geyinmək qadağan edilib.

Fransa prezident seçkilərinin ilk turunun 18 aprel 2027-ci ildə, ikinci turunun isə 2 may tarixinə keçirilməsi planlaşdırılır.

Fransanın hazırkı prezidenti Emmanuel Makron ardıcıl iki müddətdən sonra Konstitusiyaya əsasən üçüncü dəfə ardıcıl olaraq namizəd ola bilməz.

4373806

captcha