İQNA – Britaniya polisi dünən, oktyabrın 31-də Londonda "Fələstin Fəaliyyəti" (Palestine Action) hərəkatının onlarla tərəfdarını saxlayıb.
“İQNA” informasiya agentliyinin "Ərəbi 21"ə istinadən verdiyi məlumata görə, etirazçılar "Fələstin Fəaliyyəti" hərəkatına dəstəklərini bildirmək üçün Londonda, "Nine Elms" bölgəsindəki ABŞ səfirliyinin qarşısında aksiya keçiriblər. Onlar yerə oturaraq üzərində "Mən soyqırıma qarşıyam, Fələstin fəaliyyətini dəstəkləyirəm" yazılmış plakatlar qaldırıblar.
London polisi 48 nəfərin saxlanıldığını açıqlayıb. Etirazı təşkil edən "Münsiflər heyətinizi müdafiə edin" (Defend Our Juries) qrupu öz Facebook səhifəsində yazıb ki, bəzi etirazçılar boş plakatlar tutduqları üçün saxlanılıb, polis hətta hadisə yerinə gətirilən kuklaları belə müsadirə edib.
"Fələstin Fəaliyyəti" hərəkatı işğalçı İsraillə əməkdaşlıq edən şirkətlərə qarşı etirazlar təşkil etməsi ilə tanınır. 2025-ci ilin iyun ayında onlar Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazasında aksiya keçirmişdilər. Həmin vaxt fəallar çəpərləri kəsərək bazaya daxil olmuş, hərbi təyyarələrin mühərriklərinin üzərinə qırmızı boya tökmüş və Fələstin bayrağını qaldırmışdılar.
Həmin hadisədən sonra o vaxtkı daxili işlər naziri İvet Kuper qrupun fəaliyyətini qadağan etmək üçün tədbirlərə başlayıb və bu, 2025-ci ilin iyulunda rəsmən elan edilib.
Fevralın 13-də Britaniya Ali Məhkəməsi Daxili İşlər Nazirliyinin "Fələstin Fəaliyyəti" hərəkatını qadağan etmək qərarının qanunsuz olduğuna dair hökm çıxararaq qadağanın ləğv edilməsini əmr edib. Bununla belə, polis qrupun tərəfdarlarını saxlamağa davam edəcəyini vurğulayıb, çünki hökumətin bu qərardan apellyasiya şikayəti vermək hüququ var.
4386163