İQNA – Mavritaniya Radiosu ölkədə keçirilən XIII Qurani-Kərim əzbərləmə və qiraət müsabiqəsinin 63 qalibini təntənəli mərasimlə mükafatlandırıb.
“İQNA”-nın “Əl-Viam” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Mavritaniyada Qurani-Kərim əzbərləmə və qiraət üzrə XIII müsabiqənin mükafatlandırma mərasimi ölkənin mədəniyyət, incəsənət, kommunikasiya və parlamentlə əlaqələr naziri, həmçinin hökumət sözçüsü Məhəmməd Vuld Bəbbanənin nəzarəti altında keçirilib. Mərasimdə müsabiqənin 63 ən yaxşı Quran hafizi və qarisi təltif olunub.
Mavritaniya Radiosunun təşkilatçılığı ilə, ölkə Prezidenti Məhəmməd Vuld Şeyx əl-Qəzvaninin dəstəyi ilə keçirilən müsabiqədə 2443 iştirakçı arasından qaliblər seçilib. İştirakçılar ölkə üzrə regional və yerli radio stansiyalarında fəaliyyət göstərən münsiflər heyətləri tərəfindən qiymətləndirilib.
Mavritaniyanın mədəniyyət naziri mərasimdəki çıxışında vurğulayıb ki, bu müsabiqə Quran hafizləri və qarilərinin təltif edilməsi, eləcə də Quranın Mavritaniya cəmiyyətindəki mövqeyinin möhkəmləndirilməsi baxımından ümummilli tədbirə çevrilib.
O əlavə edib ki, müsabiqənin əhatə dairəsinin genişləndirilməsi və onun müxtəlif mərhələlərinin rəqəmsallaşdırılması iştirakçıların sayının artmasına, həmçinin təşkilati və münsiflik mexanizmlərinin təkmilləşdirilməsinə kömək edib.
Bəbbanə bildirib ki, bu müsabiqə Mavritaniyanın mədəni və dini kimliyinin qorunması istiqamətində həyata keçirilən səylərin bir hissəsidir. Eyni zamanda, gənc nəsilləri Quranı əzbərləməyə və Quran elmlərini dərindən mənimsəməyə təşviq edir.
Daha sonra Mavritaniya Radiosunun direktoru Məhəmməd Əbdülqadir Vuld Əələdə də builki müsabiqənin bütün mərhələlərinin – qeydiyyatdan nəticələrin elan olunmasına qədər – rəqəmsal şəkildə həyata keçirildiyini bildirib.
O, həmçinin əlavə edib ki, builki müsabiqədə pul mükafatlarının məbləği artırılıb, qadınların həm münsiflər heyətində, həm də qaliblər sırasında iştirakı genişləndirilib.
4386246