İQNA – Ayətullah Sistaninin nümayəndəsi və İmam Hüseyn (ə) hərəminin rəhbəri Şeyx Əbdülmehdi əl-Kərbəlayi Quran ayələrinin mənaları üzərində düşünməyin və onların təlimlərinə əməl etməyin əhəmiyyətini vurğulayıb.
“İQNA”-nın “Əl-Kəfil” portalına istinadən verdiyi məlumata görə, Şeyx Əbdülmehdi əl-Kərbəlayi bu fikirləri Qum şəhərində keçirilən Quran üzərində təfəkkür kursunun iştirakçıları ilə görüşü zamanı səsləndirib.
O bildirib ki, təfəkkürə başlamaq Allah-Təalaya imanın gücləndirilməsinə və Onun qüdrəti haqqında düşünməyə əsaslanmalıdır.
O, həmçinin qeyd edib ki, Əhli-beytdən (ə) nəql olunan dualar Yaradanın əzəmətini və qüdrətini nümayiş etdirən dərin mənalarla zəngindir. Buna gecə və gündüzün yaradılmasına, eləcə də onların bir-birindən fərqləndirilməsinə işarə edən dualar da daxildir.
Əl-Kərbəlayi vurğulayıb ki, təfəkkür əməli tətbiqdən əvvəl gələn mühüm mərhələdir. O, Quranın əzbərlənməsini əhatə edən, eyni zamanda anlama, təfəkkür və əməli tətbiq mərhələlərini tədricən inkişaf etdirən hərtərəfli tədris proqramının hazırlanmasına çağırıb. Bildirib ki, bu proqram ibtidai və orta məktəbdən universitet səviyyəsinədək iştirakçıların təhsil və intellektual səviyyələrinə uyğun olmalıdır.
O əlavə edib ki, Quranın əzbərlənməsinə və tilavətinə göstərilən diqqətlə yanaşı, ayələrin mənaları üzərində düşünməyə də xüsusi əhəmiyyət verilməlidir. Bununla yanaşı, Quran müəllimlərinin hazırlanması, İraq daxilində və xaricində seminarların və ixtisaslaşmış təlim kurslarının təşkili zəruridir. Bu tədbirlərin məqsədi Quran hafizlərinə ayələrin mənalarını dərindən anlamaq və onların təlimlərinə əməl etmək bacarığı qazandırmaqdır.
4386264