İQNA – Dəməşqdə yerləşən tarixi Süleymaniyyə Təkiyəsi məscidi 15 illik fasilədən sonra yenidən açılıb.
“İQNA”-nın “SANA”-ya istinadən verdiyi məlumata görə, Dəməşqdəki “Süleymaniyyə Təkiyəsi” məscidi bərpa və yenidənqurma işləri başa çatdıqdan sonra, Suriyanın vəqflər naziri Məhəmməd Əbülxeyr Şükri tərəfindən yenidən açılıb.
Maliyyə, mədəniyyət və turizm nazirlərinin, Dəməşq qubernatorunun və digər rəsmi şəxslərin iştirak etdiyi mərasimdə çıxış edən Şükri bildirib: “Biz bu gün sadəcə bir məscidin deyil, Şam bölgəsinin fəxr etdiyi mədəniyyət rəmzinin, təhsil və ictimai həyat mərkəzinin qapılarını açdıq”.
O qeyd edib ki, Dəməşqdəki İslam vəqfləri təxminən 500 illik tarixə malik olmaqla sosial həmrəyliyin, ehtiyacı olanların yeməklə təmin edilməsinin və zəvvar karvanlarına xidmət göstərilməsinin canlı nümunəsidir.
Şükri vurğulayıb ki, məscidlərin yenidən fəaliyyətə qaytarılması, onların maarifləndirmə və dini təbliğ missiyasının qorunması, eləcə də bu məkanlara məsul şəxslərin yetişdirilməsi nazirliyin fəaliyyətinin ayrılmaz hissəsidir.
Suriyanın mədəniyyət naziri Məhəmməd Yasin Saleh də Süleymaniyyə Təkiyəsi məscidinin açılışını Dəməşqin və Suriyanın tarixi məkanlarının dirçəldilməsi və onlara yenidən həyat verilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, bu tikilini Suriya xalqının kollektiv yaddaşını özündə əks etdirən mədəni və tarixi abidə adlandırıb.
Saleh vurğulayıb ki, milli kimliyin və irsin qorunması bütün vilayətlərdəki qurumların səylərinin birləşdirilməsini tələb edən ümummilli məsuliyyətdir.
Süleymaniyyə Təkiyəsi məscidi XVI əsrdə Osmanlı imperiyasının Sultan Süleyman Qanuninin (Möhtəşəm Süleyman) hakimiyyəti dövründə inşa edilib. Məscidin layihəsi məşhur Osmanlı memarı Memar Sinana məxsusdur.
Kompleksə məscid, mədrəsə, zəvvarlar üçün qonaq evi və xeyriyyə mətbəxi daxildir. Bərpa işlərinə başlanmazdan əvvəl məscid 15 il ərzində bağlı olub.
4386179