İQNA – Həzrət Abbas (ə) müqəddəs ziyarətgahının Quran Elmləri Akademiyası Kərbəla vilayətinin məscid və hüseyniyyələrində Quran ayələri üzərində təfəkkür mövzusunda silsilə dərslər təşkil edib.
“İQNA”-nın “Əl-Kəfil” saytına istinadən verdiyi məlumata görə, bu dərslər “Qoy onun ayələri üzərində düşünsünlər” adlı layihə çərçivəsində, Quran ayələri üzərində təfəkkür mövzusuna həsr olunaraq, Həzrət Abbas (ə) ziyarətgahının Quran Elmləri Akademiyasına bağlı Kərbəla Quran Mərkəzinin nəzarəti altında keçirilib.
Layihənin məsul şəxslərindən olan Şeyx Əli Rüveyi bu barədə bildirib ki, mərkəz sözügedən dərsləri Kərbəlanın müxtəlif məscidlərində, o cümlədən Əl-Abbas bölgəsində yerləşən “Bir əl-Valideyn” Cümə məscidində, Əl-Amil məhəlləsindəki İmam Əli (ə) Cümə məscidində, “Həyy ən-Nəqib” məscidində, Bab əs-Səlamə yaxınlığında yerləşən “Ğərib Tus” məscidində, Əl-Bubiyyat bölgəsindəki Züheyr ibn Qeyn hüseyniyyəsində və İmam Mehdi (ə.f) məqamında təşkil edib.
O əlavə edib ki, layihə Quranın tilavəti və onun ayələri üzərində təfəkkürə yönəlib. Proqram Quran məzmunlu və intellektual materialları, eləcə də iki ağır əmanət – Quran və Əhli-beyt (ə) arasındakı bağlılığın vurğulanmasını əhatə edir.
Rüveyinin sözlərinə görə, bu mövzular iştirakçıların zehnində dəyərli İslam maarifinin yayılmasına və möhkəmlənməsinə kömək edir. Həmçinin Quran ayələrində əks olunan tərbiyəvi və əxlaqi dəyərlərin, etiqadi məfhumların və digər düşüncə aspektlərinin izahına xidmət edir.
O, layihənin məqsədinin Quranın düzgün tilavət qaydaları öyrədildikdən sonra onun ayələri üzərində təfəkkür mədəniyyətini formalaşdırmaq, ayələrdə gizlənən dəyərləri və mənaları üzə çıxarmaq olduğunu bildirib.
Qeyd olunub ki, bu dərslərə Kərbəlanın müxtəlif bölgə və məhəllələrində yerləşən çoxsaylı məscid və hüseyniyyələr ev sahibliyi edib.
4386440