IQNA

17:08 - November 03, 2026
Xəbər sayı: 3501546

Azərbaycanda hicab qadağasına etiraz edən fəal döyülüb

İQNA – Azərbaycanda ictimai fəal ölkə məktəblərində hicabın qadağan edilməsinə etiraz etdiyinə görə həbsxanada fiziki zorakılığa məruz qalıb.

9

“İQNA”-nın “Vəsal” veb-saytına istinadən verdiyi məlumata görə, “Qafqaz düyünü” saytı xəbər verib ki, “İslam Birliyi” hərəkatına mənsub müsəlman fəal Yaşar İsmayılzadə Azərbaycandakı həbsxanaların birində döyülüb və təhdid edilib.

Yaxınlarının bildirdiyinə görə, hadisə ictimai məsələlər üzrə fəal olan bu şəxsin oktyabrın 14-də hicablı şagird və müəllimlərin məktəblərə buraxılmasının qadağan edilməsinə etiraz olaraq aclıq aksiyasına başlamasından sonra baş verib.

Bu hadisələr oktyabrın 12-də məktəblərdə hicabla bağlı məhdudiyyətlərin tətbiqindən sonra başlayan etiraz aksiyaları fonunda baş verir. Rəsmi qurumlar 37 nəfərin saxlanıldığını bildirsələr də, fəallar saxlanılanların sayının 200-dən çox olduğunu təxmin edirlər.

Bu məhdudiyyətlərin əsası 2026-cı ilin iyul ayında “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklərə, daha sonra isə həmin il sentyabrın 21-də və oktyabrın 6-da Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara dayanır.

Qərarların mətnində «hicab» sözü birbaşa qeyd olunmasa da, “məktəbli formasının vahidliyinə və ya ümumi təhsildə dünyəvilik prinsipinə zidd” hesab edilən istənilən geyim növündən istifadə qadağan edilib.

Praktikada bu qaydalar hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına səbəb olub. Hicablı qızların məktəbə daxil olmasına icazə verilmədiyini əks etdirən videoların yayılması isə Bakıda və ölkənin cənub şəhərlərində etiraz dalğasına səbəb olub.

Azərbaycan hökuməti ölkənin təhsil sisteminin dünyəvi olduğunu müəyyən edən Konstitusiyaya istinad edərək bu qərarı müdafiə edir. Bununla belə, Amnesty International (Beynəlxalq Amnistiya Təşkilatı) da daxil olmaqla, tənqidçilər bu addımı ayrı-seçkilik kimi qiymətləndirir, müsəlman qızların təhsil hüququnun və dini etiqad azadlığının pozulması hesab edirlər.

Bu qadağa həmçinin Bakının ən yaxın müttəfiqi olan Türkiyə ilə diplomatik gərginliyə səbəb olub. Türkiyənin hakim partiyasının rəsmiləri bu məhdudiyyətləri “qəbuledilməz” adlandıraraq onların ləğvini tələb ediblər. Azərbaycanın hakim partiyası isə bu tənqidləri “daxili işlərə müdaxilə” kimi qiymətləndirib.

4386637

captcha