İQNA – Tatarıstan Respublikasının Aksubayevo rayonunda yerləşən “Yoldız” məscidi əsaslı təmir-bərpa işlərindən sonra, tikilməsinin 100 illiyi münasibətilə yenidən açılıb.
“İQNA”-nın “Əl-Vəkə” saytına istinadən verdiyi məlumata görə, Tatarıstan Respublikasının Aksubayevo rayonunun Staro-Tatarski Adam kəndində yerləşən “Yoldız” məscidi tarixi abidənin qorunması və onun infrastrukturunun yenilənməsi məqsədilə aparılan genişmiqyaslı bərpa işlərindən sonra, tikilməsinin 100 illiyi münasibətilə yenidən istifadəyə verilib.
Bərpa işləri çərçivəsində məscidin konstruktiv dayanıqlığını və uzunömürlülüyünü artırmaq üçün binanın daşıyıcı konstruksiyaları möhkəmləndirilib, dam örtüyü tamamilə dəyişdirilib, elektrik, istilik və su sistemləri yenilənib. Həmçinin daxili və xarici təmir işləri başa çatdırılıb. Görülən işlər ibadət edənlər üçün rahat şərait yaratmaqla yanaşı, binanın tarixi dəyərinin qorunmasına da xidmət edir.
Açılış mərasimində bir sıra rəsmi şəxslər, dini və ictimai xadimlər, o cümlədən rayon rəhbəri Almaz Mingulov, yerli müfti Rafil Kəmaləddinov, məscidin imamı Əşxat Xazbulin, eləcə də ətraf kəndlərin imamları və kənd sakinləri iştirak ediblər. Tədbirə müxtəlif şəhər və rayonlardan da çoxsaylı qonaqlar qatılıblar.
Açılış mərasimi Nijne-Tatarskaya Mayna məktəbinin şagirdlərinin ifasında himnin səsləndirilməsi ilə başlayıb. Daha sonra şən və mənəvi atmosferdə Qurani-Kərimdən ayələr oxunub və dualar edilib.
Rayon rəhbəri Almaz Mingulov salamlama nitqi ilə çıxış edərək məscidin açılışı münasibətilə sakinləri və qonaqları təbrik edib. O, dini qurumlara dəstək göstərilməsinin və ibadət yerlərinin bərpasının yerli administrasiyanın fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu səylər dini məkanların qorunmasına və yerli icmalara xidmət göstərilməsinə yönəlmiş proqramların tərkib hissəsidir.
Almaz Mingulov məscidin bərpasında iştirak edən şəxslərə təşəkkür edib. Layihənin uğurla başa çatdırılmasında göstərdikləri səylərə görə bərpa işlərinin təşkilatçılarına təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edib. O, onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb və xeyriyyə işlərini davam etdirməyə çağırıb.
İlnara Səlahəf məscidin yenidən açılmasından sevincini ifadə edərək onun bərpasının ailələrinin çoxdankı arzusu olduğunu və kənd sakinləri ilə əməkdaşlıq nəticəsində bu arzunun gerçəkləşdiyini bildirib. O, sakinlərin dəstəyinə və layihədə iştirakına görə minnətdarlığını bildirib, belə genişmiqyaslı layihənin onların birgə səyləri olmadan həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.
Tatarıstanın kənd və məscidlərinin tarixini araşdıran tarix elmləri doktoru Rəfiq Nəsirov “Yoldız” məscidinin tarixindəki mühüm mərhələlər barədə məlumat verib və iştirakçıları bu əlamətdar hadisə münasibətilə təbrik edib. O, həmçinin məscidə hədiyyə olunmaq üçün xüsusi bir bölmənin hazırlanması barədə məlumat verib. Bildirilib ki, həmin bölmə məscidin tarixinin sənədləşdirilməsinə və onun irsinin gələcək nəsillərə tanıdılmasına kömək edəcək.
4386541