İQNA – Amerikalı müsəlmanlar Konqresə keçiriləcək aralıq seçkilərdə ABŞ-ın siyasi strukturunda öz paylarını artırmağa çalışırlar; bu seçkilər Qəzzaya və İrana qarşı müharibə, habelə ABŞ-ın sionist rejimə hərbi dəstəyi fonunda siyasi rəqabətin əsas oxlarından birinə çevrilib.
“İQNA”-nın Pakistanda nəşr olunan “Dawn” qəzetinə istinadən verdiyi məlumata görə, amerikalı müsəlmanlar qarşıdan gələn seçkilərdə ABŞ üzrə Konqresdə, ştatların qanunverici orqanlarında və yerli qurumlarda kürsü qazanmaq üçün mübarizə aparırlar.
Bu rəqabət ABŞ hökumətinin Qərbi Asiyadakı siyasətinin getdikcə daha çox tənqid edildiyi bir şəraitdə keçirilir.
Qəzzaya qarşı müharibə Vaşinqtonun sionist rejimə hərbi dəstəyinə son qoyulması tələblərini artırıb, İrana qarşı müharibə isə ABŞ-ın hərbi müdaxiləsi, regional sabitlik və ölkənin öz sərhədlərindən kənarda hərbi mövcudluğunun xərcləri ilə bağlı suallar doğurub.
“MNTV” kimi tanınan müsəlman televiziya şəbəkəsi namizədlərin siyahısını araşdıraraq, adları vətəndaş cəmiyyəti təşkilatlarının seçki bələdçiləri, seçilmiş rəsmilərin dosyeləri və media hesabatları ilə tutuşduraraq, təxminən 23 ştatda azı 51 müsəlman amerikalı namizədi müəyyən edib.
Bu siyahıya bir Senat namizədi, 10 Nümayəndələr Palatası namizədi və ştat səviyyəsində, eləcə də yerli yarışlarda onlarla digər namizəd daxildir.
Bu rəqəm sənədləşdirilmiş namizədlərin minimum sayını göstərir və ABŞ seçkilərində müsəlmanların iştirakının tam siyahısı deyil.
Bir müsəlmanın Senata daxil olması üçün tarixi rəqabət
Bu dövrün ən mühüm seçki yarışlarından biri Miçiqan ştatının Senat seçkiləridir; burada “Əbdülrəhman Əl-Seyid” (Əbdül Seyid kimi tanınır) demokratların namizədidir və ABŞ Senatına daxil olan ilk müsəlman olmağa çalışır.
Virciniyanın vitse-qubernatoru və ABŞ-da ştat səviyyəsində icra hakimiyyəti orqanına seçilən ilk müsəlman qadın olan Qəzalə Haşimi sentyabr ayında Əbdül Seyidi dəstəkləyib.
ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də Miçiqanda keçirilən seçki mitinqində onu “müsəlman cihadçı və Müsəlman Qardaşlar təşkilatının üzvü” adlandırıb və onun Senata daxil olmasına icazə verilməməli olduğunu iddia edib.
Trampın İlhan Ömərə hücumları
Yenidən seçilmək üçün mübarizə aparan ABŞ Nümayəndələr Palatasının Minnesota ştatından olan demokrat üzvü İlhan Ömər də Trampın oxşar hücumlarına məruz qalıb.
Tramp dəfələrlə onun vətənpərvərliyini şübhə altına alıb və immiqrasiya keçmişi ilə bağlı ittihamları yenidən gündəmə gətirib. Ömər isə ABŞ hökumətinin ona qarşı addımlarını bir növ siyasi hədə-qorxu adlandırıb və susmayacağını vurğulayıb.
Qəzzaya qarşı müharibə seçki rəqabətinin digər əsas oxlarından birinə çevrilib.
Bir çox müsəlman və ərəb əsilli amerikalı seçici Vaşinqtondan sionist rejimə hərbi dəstəyinə yenidən baxılmasını tələb edir.
Fələstin əsilli olan və yenidən seçilmək üçün mübarizə aparan Miçiqan ştatından olan demokrat üzv Rəşidə Tlaib sionist rejimə qarşı tam silah embarqosu tətbiq edilməsini tələb edib.
İranla müharibə də aralıq seçkilərdə xarici siyasət müzakirələrinin əhəmiyyətini artırıb.
Milli səviyyədə tanınmış simalardan kənara çıxan namizədlər
Müsəlman televiziya şəbəkəsi tərəfindən müəyyən edilmiş namizədlər, amerikalı müsəlmanların siyasi iştirakının milli səviyyədə tanınmış bir neçə simadan kənara çıxdığını göstərir.
4386018