İQNA – Əl-Əzhər məscidi özünün beynəlxalq platforması vasitəsilə virtual Quran əzbərləmə kurslarına qeydiyyatın başladığını elan edib.
“İQNA”-nın "Masrawy" agentliyinə istinadən verdiyi məlumata görə, bu layihənin məqsədi Misirin müxtəlif vilayətlərindən uşaqlar və böyüklər də daxil olmaqla 5 min Quran tələbəsini qəbul etməkdir.
Kurslar müxtəlif yaş qruplarına və müraciət edənlərin Quranı əzbərləmə səviyyələrinə uyğun olaraq çoxsəviyyəli şəkildə hazırlanıb.
Əl-Əzhər məscidi bildirib ki, 5-13 yaş arası uşaqlar üçün nəzərdə tutulan proqram 10 Quran əzbərləmə səviyyəsini əhatə edir və hər bir uşaq giriş qiymətləndirməsinin nəticələrinə əsasən müvafiq səviyyəyə yerləşdiriləcək.
Həmçinin, proqram 14 yaş və yuxarı şəxsləri də qəbul edir; onlar üçün 5 səviyyəli Quran əzbərləmə kursu nəzərdə tutulub. İştirakçılar səviyyə müəyyən etmə imtahanının nəticələrinə görə ən uyğun təlim səviyyəsində təhsil alacaqlar.
Qeydiyyat prosesi başa çatdıqdan sonra müraciət edənlərdən səviyyə müəyyən etmə imtahanı götürüləcək. Bu imtahanların məqsədi hər bir tələbəni Quranı əzbərləmə səviyyəsinə uyğun tədris qrupuna və səviyyəyə yerləşdirməkdir.
Əl-Əzhər məscidinin rəhbərliyi vurğulayıb ki, müraciət edənlər qeydiyyat formasına daxil olan keçid vasitəsilə xüsusi "WhatsApp" qruplarına qoşulmalıdırlar ki, qeydiyyat mərhələləri, imtahanların vaxtı və tədris qruplarının formalaşdırılması ilə bağlı son xəbərlərdən məlumatlı olsunlar.
Həmçinin eyni vaxtda həm əyani, həm də virtual Quran əzbərləmə kurslarında iştirak etməyə icazə verilmir. Əgər bir tələbənin daha əvvəl əyani Quran dərslərinə qeydiyyatdan keçdiyi müəyyən edilərsə, o, virtual kursdan kənarlaşdırılacaq.
Əl-Əzhərin virtual Quran əzbərləmə proqramlarında iştirak etmək istəyənlər "https://service.azhar.eg/services/form" keçidi vasitəsilə "Əl-Əzhər məscidi" beynəlxalq platformasındakı müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
4386723