İQNA – Mavritaniyanın İslam İşləri və Ənənəvi Təhsil naziri ölkənin M'Bout şəhərində keçirilən mərasimdə onlarla ən yaxşı Quran hafizini mükafatlandırıb.
“İQNA”-nın "Al-Wiam" agentliyinə istinadən verdiyi məlumata görə, Mavritaniyanın İslam İşləri və Ənənəvi Təhsil naziri Sidi Yəhya Vild Şeyxna Vild əl-Murabit dünən, noyabrın 2-də Qorqol bölgəsində yerləşən M'Bout şəhərində "Məhzərə" (ənənəvi Quran məktəbləri) müəllimləri üçün xüsusi təlim sessiyasının açılışına rəhbərlik edib.
"Məhzərə və onun İslam elmlərinin təbliğində və sosial həmrəyliyin gücləndirilməsində rolu" adlı bu iclas Qorqol qubernatoru Məhəmməd Əl-Muxtar Vild Abdinin iştirakı ilə keçirilib. Tədbir çərçivəsində elmi və dini fəaliyyətlərin davam etdirilməsini təşviq etmək məqsədilə Quranın əzbərlənməsində göstərdikləri xüsusi səylərə görə onlarla Quran hafizi mükafatlandırılıb.
Mavritaniyanın təhsil naziri tədbirdə çıxışı zamanı vurğulayıb ki, "Məhzərə" əsrlər boyu bir təhsil və tərbiyə müəssisəsi kimi İslam elmlərinin yayılmasında, milli kimliyin qorunmasında və qardaşlıq, dözümlülük və sosial həmrəylik kimi dəyərlərin kökləşməsində mühüm rol oynamışdır.
O, son yeddi ildə ənənəvi İslam təhsili sektorunun inkişaf prosesinə toxunaraq bildirib ki, məhzərələrin sayı 60-dan 1767 mərkəzə yüksəlib, ənənəvi təhsil üzrə regional institutların sayı isə 4-dən 9-a çatıb.
Mavritaniyalı nazir, həmçinin bu sektorda aparılan islahatlara, o cümlədən "Darul-Müshəf əş-Şərif" (Müqəddəs Quran Evi) adlı Quran mərkəzinin və Ali Zəkat Şurasının yaradılmasına, eləcə də məhzərələrdə ənənəvi İslam mətnlərinin əzbərlənməsi və başa düşülməsi üçün Prezident mükafatının təsis edilməsinə işarə edib.
O, nazirliyin məhzərələri dəstəkləməyə, onların müəllimlərinin mövqeyini yüksəltməyə və onların elmi və təlim missiyalarını yerinə yetirmələri üçün lazımi şərait yaratmağa sadiq olduğunu bildirib.
İclasda məhzərənin İslam elmlərinin təbliğində və sosial həmrəyliyin gücləndirilməsindəki rolunu, habelə ənənəvi İslam təhsilinin cəmiyyətdəki əhəmiyyətini izah edən bir sıra çıxışlar olub.
4386807