İQNA – ABŞ Konqresinin müsəlman üzvü beşinci dəfə Nümayəndələr Palatasına seçildi.
“İQNA”-nın “Minnesota Star Tribune” nəşrinə istinadən verdiyi məlumata görə, ABŞ Konqresinin müsəlman üzvü İlhan Ömər, Minnesota ştatının 5-ci seçki dairəsində keçirilən seçkilərdə qalib gələrək ardıcıl beşinci dəfə ABŞ Nümayəndələr Palatasına üzv seçilib.
Ömər Respublikaçılar Partiyasının namizədi Con Naql üzərində qələbə qazanıb.
Ömərin qələbəsi ABŞ Prezidenti Donald Trampın ona qarşı güclü təzyiqlər göstərdiyi və onun barəsində irəli sürülən immiqrasiya pozuntuları ilə bağlı iddiaların araşdırıldığı bir şəraitdə əldə olunub.
Oktyabr ayında federal məmurlar Vaşinqtonda yerləşən Ömərin evinə basqın edərək onun mobil telefonunu, şəxsi kompüterini və pasportunu müsadirə etmişdilər. Həmçinin ailə üzvlərindən bəziləri, o cümlədən bacısı da ifadə vermək üçün çağırılmışdı.
İlhan Ömər irəli sürülən ittihamları rədd edib və Tramp administrasiyasının addımlarına, o cümlədən evində aparılan axtarışa və ABŞ prezidentinin davamlı tənqidlərinə cavab olaraq seçki kampaniyası üçün maliyyə dəstəyi toplamağa başlayıb.
Ömərin seçki qərargahı ötən ay bildirib ki, federal məmurların evinə basqın etməsindən sonra onun kampaniyasına edilən maliyyə ianələrinin həcmi nəzərəçarpacaq dərəcədə artıb.
Ömər əvvəlki seçki dövrlərində Demokratlar Partiyasının daxili seçkilərində ciddi rəqabətlə üzləşsə də, bu ilin avqust ayında keçirilən ilkin seçkilərdə digər dörd namizədi geridə qoyaraq səslərin 80 faizdən çoxunu qazanıb və Demokratlar Partiyasının yekun seçkilər üçün namizədi olmağa nail olub.
4387021