IQNA

Terrorçular 800 yaşlı məscidi partlatdı

22:17 - June 22, 2017
Xəbər sayı: 3481785
İŞİD terrorçuları İraqın Mosul şəhərinin baş məscidi olan “Ən-Nuri”ni partladıblar. Məscid şəhərin qərbində yerləşən “Qədim şəhər” ərazisindədir.


Terrorçular 800 yaşlı məscidi partlatdı

Beynlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, İŞİD terrorçuları İraqın Mosul şəhərinin baş məscidi olan "Ən-Nuri”ni partladıblar.

Məscid şəhərin qərbində yerləşən "Qədim şəhər” ərazisindədir. Son zamanlar Qərbi Mosulda həlledici döyüşlər gedir. 2014-cü ilin iyul ayında İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi həmin məsciddə nitq söyləyib. O, oradaca beynəlxalq "xilafətin” yaradılmasını və özünü də onun başçısı elan edib.

"İŞİD terrorçuları daha bir tarixi cinayətə əl atıblar: ən-Nuri məscidi və onun minarəsini partladıblar.”, - deyə İraq ordusunun mətbuat xidmətindən bildiriblər.

Neynəva əyalətinin azad edilməsi üzrə əməliyyatın komandanının sözlərinə görə, İraq hərbçiləri şəhərin dərinliklərinə doğru irəliləyən zaman terrorçular adıçəkilən məscid və onun "əl-Hədba” adlı minarəsini partladıblar.

Xatırladaq ki, ötən gün hərbi mənbədən bildiriblər ki, İraq hərbçiləri Mosulun baş məscidinin 100 metrliyində möhkəmləniblər. Qeyd edək ki, Mosul əməliyyatı 2016-cı ilin oktyabr ayından bəri ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə davam edir.

Hökumət qüvvələrinin "Qədim şəhər” kvartalında irəliləməsi çətinləşib.

Teqlər: terrorçular ، iqna ، məscid ، mosul ، İŞİd
captcha