“İQNA”-nın Bağdaddan verdiyi xəbərə görə, İraq şiələrinin təqlid mərcəsi Ayətullahul-uzma Şeyx Məhəmməd Yəqubi yaydığı bəyanatda yazıb:
Xəbər agentlikləri bu gün səbirli və zülmə məruz qalan Qəzza xalqının aclıq və qıtlıq faciəsinə düçar olması ilə bağlı çox ağrılı görüntülər yayırlar; bu elə görüntülərdir ki, hər bir vicdanlı və duyğulu insanın qəlbini yandırır və hətta daş kimi bərk ürəkləri belə qəm-qüssədən yumşaldır.
O əlavə edib: “Əmirəl-möminin Əli (ə) bu faciədən qat-qat kiçik bir hadisə zamanı – Müaviyənin qoşununun Ənbər şəhərinə hücum çəkib müsəlman olmayan bir qadının zinət əşyalarını qarət etdiyini eşidəndə – dərd və qüssə içində Kufə minbərinə çıxdı və nitqi zamanı buyurdu:
“Əgər bir müsəlman bu hadisəni (İslam hökumətinin himayəsində olan qeyri-müsəlman bir qadına hücum edilməsini) eşidib qüssədən ölsə, məzəmmət olunası deyil, əksinə məncə belə bir ölümə layiqdir.”
Bəs necə ola bilər ki, möminlər belə bir insanlıq faciəsi qarşısında səssiz qalsınlar?!
Ayətullah Yəqubinin bəyanatında daha sonra deyilir:
İraq hökumətindən tələb edirik ki, Misir hökuməti ilə danışıqlara başlasın və bununla da Qəzza əhalisini ölümdən qurtarmağa qadir olan zəruri ərzaq və dərman yardımlarının asanlıqla daşınmasının şəraiti yaradılsın. İraq xalqı da bütün gücü ilə bu yardımları çatdırmaq və məzlum qardaşlarına kömək etmək üçün ayağa qalxacaq.
“Və Allah sizinlədir, O, əsla əməllərinizin mükafatını puç etməz.” (Məhəmməd: 35)
“Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər bir yaxşı əməlin savabını Allah dərgahında daha xeyirli və daha böyük mükafatlı olaraq tapacaqsınız.” (Muzzəmmil: 20)
Məhəmməd Yəqubi – Nəcəful-Əşrəf
25 Məhərrəm 1447 hicri-qəməri
21 iyul 2025 miladi
4295731