IQNA

36-cı Beynəlxalq İslam Birliyi Konfransı + Video

36-cı Beynəlxalq İslam Birliyi Konfransı 2022-ci il oktyabrın 12-i çərşənbə günü səhər Tehranda İslam ölkələri başçılarının iclas zalında öz işinə başlayıb.

 

kod

36-cı Beynəlxalq İslam Birliyi Konfransının açılış mərasimi İran İslam Cümhuriyyətinin prezidenti Ayətullah Seyyid İbrahim Rəisi, Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşması Assambleyasının baş katibi doktor Həmid Şəhriyari və dünyanın müxtəlif ölkələrindən olan bir sıra tanınmış şiə və sünni alimlərinin iştirakı ilə keçirilib.

Pakistanın dini işlər və məzhəblərarası harmoniya naziri müfti Əbdüş-Şəkur Sərdar Xan, Əlcəzair Müsəlman Alimləri Assosiasiyasının rəhbəri Əbdür-Rəzzaq Qassum, İraq Müsəlman Üləma Dərnəyinin sədri Xalid Əbdül-Vəhhab Əyyub Əl-Molla, Malayziya İslam Təşkilatları Məsləhət Şurasının rəhbəri Əzmi Əbdül-Həmid və Livanın görkəmli şiə alimlərindən və din xadimlərindən Seyyid Əli Fəzlullah bu konfransın tanınmış qonaqlarındandırlar.

Bu konfrans “İslam dünyasında İslam birliyi, sülh, təfriqə və ixtilafın qarşısını almaq” şüarı ilə keçirilir. Builki konfransın əyani hissəsində 60 ölkədən 200 mütəfəkkir və 100 iranlı din, siyasət və mədəniyyət xadimi iştirak edir.

Həmçinin, 9-11 oktyabr tarixlərində keçirilən konfransın vebinar bölməsində 144 çıxışdan ibarət 12 vebinar sessiyası keçirilib. Bu çıxışlar Vəhdət konfransının internet saytından ingilis, ərəb və fars dillərində canlı yayımlanıb.

Bu konfrans çərçivəsində İran İslam Cümhuriyyətinin bir sıra dini və mədəni birliklərinin iştirakı ilə sərgi təşkil olunub. Burada onlar öz yazılı, audio və video məhsullarını sərgiləyiblər. Ümumdünya Əhli-beyt (ə) Assambleyasının, Ümumdünya İslam Məzhəblərinin Yaxınlaşması Assambleyasının, Elmi Hövzələrin stendləri bu bölümün ən mühüm stendlərindəndir.

“Müharibə və Cihad və Ədalətli Sülh”, “İslam Qardaşlığı”, “Terrorizmlə Mübarizə”, “Dini Fikir Azadlığı və Məzhəbi İctihadın Qəbulu”, “Təkfirçilik və Ekstremizmlə Mübarizə”, “İslam Həmrəyliyi və Gərginlikdən uzaqlaşmaq”, “İslam Məzhəbləri arasında qarşılıqlı ehtiram və mübahisələrdən, hörmətsizlikdən və təhqirdən çəkinmək”, “Qəsbkar sionist rejimlə münasibətləri normallaşdırmaq və onu pisləmək” builki konfransın əsas mövzularındandır.

Həmçinin, bu konfransın keçirilməsində məqsəd müsəlmanlar arasında birlik və həmrəylik yaratmaq, alim və elm adamlarının elmi və mədəni baxışlarını yaxınlaşdırmaq üçün onları həmfikir etmək, eləcə də İslam dünyasında İslam birliyinə nail olmaq və vahid ümmət formalaşdırılması üçün praktiki həlləri araşdırmaq və təqdim etmək, müsəlmanların problemlərini həll etmək və bu mövzuda uyğun həll yolları təqdim etməkdir.

36-cı Beynəlxalq İslami Vəhdət Konfransının qonaqlarının 14 oktyabr 2022-ci il cümə günü səhər saatlarında Ali Məqamlı Rəhbər Ayətullah Seyyid Əli Xamenei ilə görüşü planlaşdırılır.Həmçinin cümə günü axşam konfransın yekun bəyanatı oxunacaq.