IQNA

Səudiyyə rəsmiləri zəvvarlara qarşı nalayiq davrandığına görə polis əməkdaşını həbs ediblər

14:50 - November 05, 2025
Xəbər sayı: 3499153
İQNA - Səudiyyə rəsmiləri Məscidül-Həramda zəvvarlara qarşı nalayiq davrandığına görə polis əməkdaşını həbs ediblər.

“Rusiya əl-Yəvm” kanalının verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Təhlükəsizlik Xüsusi Qüvvələrinin bir əməkdaşının Məscidül-Həramda misirli bir ər-arvad ümrə zəvvarına qarşı nalayiq rəftarı əks etdirən görüntülər yayıldıqdan sonra, bu polis əməkdaşı saxlanılıb.

Səudiyyə təhlükəsizlik orqanları bəyan ediblər ki, Həcc və Ümrə Təhlükəsizlik Xüsusi Qüvvələri öz əməkdaşlarından birini Məscidül-Həramda müəyyən olunmuş qayda və təlimatlara zidd davrandığı üçün həbs edib.

Bu əməkdaşın həbsinə, onunla misirli bir ər-arvad arasında Məscidül-Həramda baş verən fiziki və şifahi qarşıdurmanı göstərən video görüntülərin yayılması səbəb olub. Həmin görüntülər Misir sosial şəbəkə istifadəçiləri arasında geniş qəzəb doğurub.

Hadisənin əsl səbəbi hələlik bəlli deyil. Bu qarşıdurmanın bir anlaşılmazlıq nəticəsində baş verdiyi, yoxsa tərəflərdən birinin hərəmin qaydalarını pozduğu məsələsi aydınlaşdırılmayıb.

Səudiyyə polisinin bu hərəkətinə qarşı geniş etirazlardan sonra, Misirin keçmiş vəqflər naziri müşaviri şeyx Səlamə Əbdülqəvi öz rəsmi kanallarında verdiyi fətvada bildirib: “Həcc və ya ümrə zəvvarlarına Məscidül-Həram daxilində əl qaldırmaq və ya onlara zərər vermək şəri baxımdan haramdır. Belə bir əməl, baş verdiyi məkanın və zamanın müqəddəsliyi səbəbindən ikiqat günah sayılır.”

Misirli müfti həmçinin həmin Səudiyyə təhlükəsizlik əməkdaşını, qorumaqla məsul olduğu Beytullahın hörmətini pozmaqda və əmanətə xəyanət etməkdə ittiham edib. O, bu əməkdaşa cəza verilməsini tələb edib ki, bu hadisə başqaları üçün ibrət dərsi olsun.

4314874

Teqlər: ərəbistan ، məkkə ، həcc ، zəvvar ، polis
captcha