IQNA

Quranın qədim əlyazmaları – Mərakeşli tədqiqatçının magistr dissertasiyası

0:35 - July 28, 2025
Xəbər sayı: 3498597
İQNA – Rabatdakı Kral 6-cı Məhəmməd Quran Oxumaları və Tədqiqatları İnstitutu bu yaxınlarda institutun tələbəsi Musab Şərqavinin ingilis dilində yazdığı və Qurani-Kərimin qədim əlyazmalarına həsr olunmuş magistr dissertasiyasının müdafiəsinə ev sahibliyi edib.

“İQNA”-nın “Əl-Umq əl-Mağribi”yə istinadla verdiyi xəbərə görə, Mərakeşin Vəqflər və İslam İşləri Nazirliyinin YouTube kanalında çıxış edən Tədqiqat Komitəsinin üzvləri bildiriblər ki, bu dissertasiya Kral 6-cı Məhəmməd Quran Oxumaları və Tədqiqatları İnstitutunun xarici dillərdə Qurani-Kərimlə bağlı tədqiqatlara göstərdiyi diqqətin nəticəsidir.

Bu dissertasiyanın adı “Qurani-Kərimin ilkin əlyazmaları: Kodikologiya (əlyazma elmi) və paleoqrafiya (qədim yazıların öyrənilməsi) baxımından” olub. Tədqiqatçı Qurani-Kərimin dörd qədim əlyazması üzərində tədqiqat aparıb və onların fiziki və yazı xüsusiyyətlərini – kağız növü, mürəkkəb, dəridən istifadə, yazıda işlədilən ərəb xətti və o dövrdə istifadə edilən texnikaları təhlil edib.

Dissertasiyada tarix və incəsənət baxımından dəyərli olan əlyazma nümunələri – o cümlədən bu günə qədər tapılmış ən qədim Quran nüsxələrindən sayılan Birmingem əlyazması, Qızıl əlyazma, Mərini əlyazması və başqa nümunələr təhlil olunub. Bu nümunələr Qurani-Kərim yazısının zamanla inkişafını anlamaq üçün elmi əsas yaradır.

Tədqiqat Komitəsi bu işi institutun tədris proqramlarında xarici dillərə verdiyi önəmin bariz nümunəsi və Qurani-Kərim sahəsində müxtəlif dillərdə aparılan elmi tədqiqatlara töhfə kimi qiymətləndirib. Bu cür fəaliyyətlər tələbələrin beynəlxalq səviyyəli tədqiqatlara açıq olmasına və İslam və müsəlmanlarla bağlı yanlış anlayışların islahına xidmət edir.

Dissertasiyanın müəllifi Musab Şərqavi, bu institutda ingilis dilində dissertasiya müdafiə edən ilk tələbə olmaqdan qürur duyduğunu bildirib və bu təşəbbüsün digər tələbələr üçün də ali təhsil və dil biliklərini inkişaf etdirmək istiqamətində motivasiya olacağına ümid etdiyini söyləyib. O, həmçinin institut rəhbərliyinə və onu dəstəkləyən müəllimlərinə təşəkkür edib.

4296315

captcha