“İQNA”-nın “Əl-Qüds əl-Ərəbi-yə istinadə verdiyi məlumata görə, “2026 Bahar Missiyası” adlanan bu təşəbbüs bazar günü Siciliyada hazırlıq işləri başa çatdıqdan sonra yola düşüb. Bu missiya Qəzza zolağındakı fələstinlilərə humanitar yardım çatdırmaq və mühasirəni qırmaq səylərinin bir hissəsidir.
Donanma 12 aprel tarixində İspaniyanın Barselona şəhərindən yola çıxmış və 23 apreldə Siciliyanın limanına çatmışdı. Burada İtaliyanın Sirakuza və Auqusta şəhərlərindən gəmilər və fəallar onlara qoşulub.
Auqusta limanında iştirak edən qayıqların sayı 65-ə çatıb və yola düşmək üçün bütün prosedurlar tamamlanıb. Daha sonra iştirakçılar əvvəlcədən müəyyən edilmiş plana uyğun olaraq günün ikinci yarısında Aralıq dənizinə doğru hərəkət ediblər.
Donanmanın dəstəkçilərindən olan “Greenpeace” təşkilatına məxsus gəmi dənizdə onları qarşılayıb. Qayıqlar limandan çıxarkən bir qrup fəal “Azad Fələstin” şüarı səsləndirib, məşəl yandırıb və “Qəzzada görüşərik” sözləri ilə bir-birilə vidalaşıb.
Bu, “Qlobal Sümud Donanması”nın ikinci təşəbbüsüdür. Birinci təşəbbüs 2015-ci ilin sentyabrında başlamış, lakin həmin ilin oktyabrında beynəlxalq sularda hərəkətdə olan gəmilərə İsrail ordusunun hücumu ilə nəticələnmişdi. Donanmadakı yüzlərlə beynəlxalq fəal saxlanılmış və daha sonra ölkədən çıxarılmışdı.
Xəbər agentliyi Barselonadan donanmaya qoşulan türk fəal Əli Dənizin sözlərini belə nəql edir:
“Şükürlər olsun ki, artıq İtaliyadayıq. Burada böyük bir coşğu var və biz eyni atmosferi İspaniyada da hiss etdik. Biz inanırıq ki, Qəzza limanına çatacağıq və orada uşaqlarla görüşəcəyik.”
Digər tərəfdən, italiyalı fəal Martina bildirib ki, Fələstin xalqı böyük müqavimət göstərir və bu donanmada iştirak edənlərin rolu həmin xalqa xidmət etməkdir. O qeyd edib ki, hökumətlər öz vəzifələrini yerinə yetirmir və buna görə də fəallar çoxsaylı gəmilərlə özləri təşəbbüs göstərməli olublar.
4348949