“İQNA”-nın “Mubasher” portalına istinadən verdiyi məlumata görə, bu həftə Rabat Prokurorluğunun dəhlizləri Mərakeşdə İsrail ilə münasibətlərin normallaşdırılmasına qarşı hərəkatın tanınmış simalarına qarşı “F. A.” adlı vəkil tərəfindən qaldırılan səs-küylü məhkəmə şikayətinə şahidlik edib.
Şikayət Mərakeş İnsan Haqları Assosiasiyasının keçmiş sədri Əziz Ğali, Mərakeş Antinormallaşma Monitorinq Mərkəzinin rəhbəri Əhməd Vayhman və Fələstin üzrə Milli İşçi Qrupunun baş katibi Əziz Hənnaviyə qarşı irəli sürülüb. Bu şikayət Rabat və digər şəhərlərdə baş verən son hadisələr fonunda təqdim edilib və həmin hadisələr “nifrətə təhrik və antisemitizm” çərçivəsində qiymətləndirilib.
Şikayətin əsası Rabatın Məhəmməd V prospektinin ortasında İsrail rejiminin bayrağının yandırılması hadisəsinə dayanır. Hadisə zamanı səsləndirilən şüarlar şikayətçi tərəfindən “irqçi və ifratçı” adlandırılıb və açıq şəkildə yəhudilərə və ABŞ kimi xarici ölkələrə qarşı nifrətin yayılmasına çağırış kimi təqdim olunub.
Vəkil müdafiəsində bildirib ki, bəzi şəxslər yalnız meydan etirazı ilə kifayətlənməyib, sosial şəbəkələrdə cinayətə birbaşa təhrik hesab edilən videolar yayıblar. Bu isə Mərakeş Cinayət Məcəlləsinin 431-ci maddəsinin açıq şəkildə pozulmasıdır; həmin maddə ayrı-seçkiliyə və nifrətə təhriki həbs və cərimə ilə cəzalandırır.
Şikayətdə həmçinin Mərakeş şəhərində yəhudi turistlərin hədəfə alınması ilə bağlı birbaşa ittihamlar yer alıb. Bu, xüsusilə “Bab Dukalla” divarı qarşısında dini ayin icra edən turistlərə yönəlmiş tənqidi videoların yayılmasından sonra gündəmə gəlib.
Şikayətçi bu davranışı dini ayinlərin qəsdən dayandırılması və dini dəyərlərə hörmətsizlik kimi qiymətləndirib və bunu Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən cinayət hesab edib.
O, açıqlamasında bildirib ki, turistlərin dini ayin icra etmək hüququndan istifadə etməsi fonunda “müstəmləkəçilik” və “ölkəni satmaq” kimi ağır siyasi ittihamların irəli sürülməsi, Fələstin məsələsindən sui-istifadə edərək Mərakeşin sabitliyinə və rəsmi istiqamətinə zərbə vurmaq cəhdidir.
Siyasi baxımdan vəkil prokurorluqdan bu fəalların “xarici qurumlarla əlaqələri və koordinasiyası” barədə daha dərin araşdırma aparmağı tələb edib.
Vəkil media bəyanatının sonunda sosial şəbəkələr vasitəsilə ifratçı ritorikanın və açıq qətl çağırışlarının artması təhlükəsi barədə xəbərdarlıq edib və iddia edib ki, bu hərəkətlər spontan deyil, əksinə, Mərakeşi beynəlxalq siyasi qarşıdurmaların meydanına çevirmək istəyən regional gündəmlərə xidmət edir.
4349013