“İQNA”-nın “əl-Qahirə 24”-ə istinadən xəbərinə görə, proqramın şənbə günü – noyabrın 22-də yayımlanan yeni buraxılışında ustad Əbdülbasitin ərəb və İslam dünyasında Misir tilavət məktəblərinin yayılmasındakı böyük xidmətləri və qalıcı səyləri dəyərləndirilib.
Tədbirdə ustad Əbdülbasitin oğlu Yasir Əbdülbasit də iştirak edib və atasının “Dövlət Tilavəti” proqramında təqdir olunan şəxsiyyətlərdən biri kimi seçilməsindən məmnunluq və minnətdarlıq ifadə edib.
Bundan əvvəl də proqram çərçivəsində Misir tilavətinin qızıl dövrünün məşhur qariləri Şeyx Mahmud Xəlil əl-Husrinin və Məhəmməd Rəfətin xatirəsi yad edilmiş, onlar haqqında hazırlanan reportajlar Misirin peyk kanallarında yayımlanmış və həmin reportajlarda onların həyatı və Quran fəaliyyətləri işıqlandırılmışdı.
“Dövlət Tilavəti” proqramı, tilavət və təcvildə Misirin ən böyük istedad yarışması hesab olunur və əl-Həyat, CBC, ən-Nas, Misr Quran Kərim kanalları, həmçinin "watch it" platforması vasitəsilə yayımlanır.
Proqramın efir vaxtı hər həftənin cümə və şənbə günləri saat 21:00 olaraq elan edilib.
“Dövlət Tilavəti” Misir Vəqflər Nazirliyi ilə “əl-Muttəhidə” media xidmətləri şirkətinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunub və ölkənin müxtəlif vilayətlərindən olan istedadları və seçilən tilavət sahiblərini aşkara çıxarmağı hədəfləyir.
Müsabiqənin mükafat fondu 3,5 milyon Misir funtudur; tilavət və təcvid istiqamətlərinin hər birində birinci yeri tutan iştirakçıya 1 milyon Misir funtu veriləcək. Həmçinin onların Quranın tam tilavəti yazılaraq “Misr Quran Kərim” kanalında yayımlanacaq.
Bundan başqa, hər iki qalib qarşıdan gələn Ramazan ayında Qahirədəki İmam Hüseyn (ə) məscidində camaat namazına imamlıq edəcək.
Xəbərə görə, yarışmanın ilkin mərhələləri böyük iştirakçı marağı ilə qarşılanıb və Misirin müxtəlif vilayətlərindən 14 mindən çox namizəd bu tədbirdə iştirak edib.
Münsiflər heyətinə Misirin və İslam dünyasının dini və elmi nüfuzlu şəxsləri daxildir; onlardan bəziləri:
– Şeyx Həsən Abdünnəbi, Əl-Əzhər Quran Nəzarət Komitəsinin sədr müavini;
– Taha Əbdülvahhab, səs və Quran tilavəti üzrə ekspert;
– Müstəfa Həsəni, müsəlman vaiz;
– Qari Şeyx Taha Numanidir.
4319057