“İQNA”‑nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, İtaliyanın xarici işlər naziri Antonio Tajani, Qəzza Donanması fəallarına qarşı göstərilən nalayiq rəftərə işarə edərək, Avropa İttifaqını Ben‑Qeviri sanksiya siyahısına salmağa çağırıb və bu addımı “fəallara qarşı insan haqlarının pozulmasına verilən cavab” adlandırıb.
Tajani bildirib ki, o, Avropa İttifaqından İtamar Ben‑Qevirə qarşı sanksiya tətbiq etməyi rəsmi şəkildə tələb edib. Bu tələb, Qəzza ilə həmrəylik donanmasının fəallarına qarşı onun davranışına görə irəli sürülüb.
Nazir “X” sosial şəbəkəsində yazıb ki, o, Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallasdan bu məsələni Avropa İttifaqı xarici işlər nazirlərinin növbəti iclasının gündəliyinə salmağı rəsmi şəkildə istəyib.
O vurğulayıb ki, bu tələb “beynəlxalq sularda fəalların saxlanılması, onlara qarşı təhqiredici və alçaldıcı rəftar da daxil olmaqla, qəbuledilməz hərəkətlərə və insan haqlarının ən elementar prinsiplərinin pozulmasına cavab olaraq” irəli sürülüb.
İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben‑Qevir çərşənbə günü (20 may) sosial şəbəkələrdə bir video yayımlayıb. Videoda o, əlləri bağlanmış vəziyyətdə diz çökməyə məcbur edilən və beynəlxalq sularda İsrail qüvvələri tərəfindən saxlanılan Fələstin tərəfdarı fəallarla istehza ilə davranırdı.
Bu bir dəqiqəlik videonun yayılması həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş qəzəb və reaksiyalara səbəb olub. İsrail qüvvələri həmin yardım missiyasını bazar ertəsi (18 may) beynəlxalq sularda dayandırmış və oradakı bütün fəalları həbs etmişdi.
4353560