“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Qəzzənin “Ğiras” məktəb və uşaq bağçasında keçirilən “Hamilani‑Nur” (Nur daşıyıcıları) kampaniyasında 4–9 yaş arası 65 qız və oğlan uşağı fələstinli ənənəvi geyimlərdə Qurani‑Kərimin hissələrini əzbərdən oxuyublar.
Onlar kampaniyanın Quran sevgisini çatdıran mesajlarını əks etdirən bannerlər tutaraq, təhsil və iman dolu bir mühitdə müharibə və təzyiq içində yaşayan, lakin nura sarılmağa çalışan uşaqların canlı bir mənzərəsini yaratdılar.
Bu mərasimdə iman və mənəviyyatla dolu atmosferdə uşaqların sevinc və həyəcanla işıqlanan simaları göz oxşayırdı. Müəllimlər və valideynlər qürur hissi ilə sevinc göz yaşları axıdır, övladlarının Allahın kitabını əzbərləmək yolunda ilk addımlarını atdıqlarına şahidlik edirdilər.
Bu səhnə sadəcə ötəri bir hifz və tilavət dərsi deyildi; müharibə və onun gətirdiyi ağrı‑əziyyətlər içində böyüyən bir uşağın iman nuruna bağlı qalmaq üçün göstərdiyi səylərin canlı təsviri idi. Bu görüntü həm də belə bir mesaj verirdi: Quran hələ də gənclərin qəlbində ümid və arxayınlıq oyatmaq gücünə malikdir.
“Nur” mənəvi proqramı Qəzzə uşaqları üçün təhlükəsiz və iman əsaslı tədris mühiti yaratmaq məqsədilə hazırlanıb. Məqsəd yeni nəsillə Qurani‑Kərim arasında hifz, tilavət və anlama yolu ilə möhkəm bağ qurmaq və Fələstin müsəlman cəmiyyəti üçün nümunəvi şəxsiyyət formalaşdırmaqdır.
Məsul şəxslər vurğulayırlar ki, Quranı əzbərləyən uşaqların təltif edilməsi yalnız onların hifz səviyyəsinə görə deyil, həm də qəlbində nuru daşıyan, mərhəmətli, şüurlu və daha məsuliyyətli böyüyən bir insan yetişdirmək üçündür.
4353057