IQNA

Səudiyyə Ərəbistanının Həcc mərasimlərinin başlanmasına hazırlığı

15:47 - May 25, 2026
Xəbər sayı: 3500408
İQNA – Həcc təməttu mərasimlərinin rəsmi başlanması ilə eyni vaxtda Səudiyyə rəsmiləri elan ediblər ki, Beytullahın ilk zəvvar qrupları Mina məntəqəsinə daxil olublar və xüsusilə “Yevmüt‑Tərviyə” üçün 1447-ci hicri il Həcci ilə bağlı bütün icraçı, xidmət və rəqəmsal hazırlıqlar tamamlanıb.

“İQNA”-nın “Acil” xəbər portalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Yevmüt‑Tərviyə üçün tam hazır olduğunu, zəvvarların Mina istiqamətində hərəkəti ilə bağlı sahə və əməliyyat hazırlıqlarının yekunlaşdırıldığını açıqlayıb. Bu hazırlıqlar zəvvarların düşərgələrinə təşkil olunmuş şəkildə yönləndirilməsi və onlara müqəddəs məkanlarda göstərilən xidmətlərin səviyyəsinə nəzarəti əhatə edir.

Nazirliyin vəzifələrinə aşağıdakılar daxildir:

- Zəvvarların qalma məntəqələrindən və qəbul mərkəzlərindən Mina istiqamətində hərəkətinə nəzarət 

- Düşərgələrə girişin rahat və fasiləsiz təmin edilməsi 

- Maarifləndirmə və istiqamətləndirmə xidmətləri 

- 1447-ci il Həcc mövsümü üçün təsdiqlənmiş əməliyyat planlarına uyğun olaraq zəvvarların müəyyən olunmuş məkanlara çatmasına dəstək 

Nazirlik aidiyyəti qurumlarla koordinasiya edərək Mina bölgəsində yaşayış, qida və nəqliyyat xidmətlərinin tam hazır vəziyyətə gətirilməsinə çalışıb. Eyni zamanda sahə nəzarətinin səviyyəsi artırılıb ki, müşahidələr dərhal qeydə alınsın və operativ şəkildə həll edilsin. Məqsəd zəvvarların müqəddəs məkanlara ilk daxil olduqları mərhələdə xidmətlərin keyfiyyətini yüksəltməkdir.

Bu səylər birgə əməliyyat mərkəzi, nəzarət və monitorinq mərkəzinin fəaliyyəti ilə tamamlanır. Bu mərkəzlər hərəkət axınına, xidmətlərə və əməliyyat göstəricilərinə davamlı nəzarət edir və sahə qruplarını mümkün çətinliklərə qarşı lazımi məlumatlarla təmin edir.

Yəvmüt‑Tərviyənin əhəmiyyəti

Yəvmüt‑Tərviyə zəvvarların müqəddəs məkanlardakı səfərinin dönüş nöqtəsidir. Bu gün Mina bölgəsində intensiv sahə fəaliyyətlərinin başlanmasını göstərir və zəvvarların Həcc mərasimlərini rahatlıq və aramlıqla yerinə yetirməsi üçün bütün qurumların əməliyyat səylərinin birləşdirilməsinin vacibliyini əks etdirir.

Zilhiccə ayının səkkizinci günü bu gün, 25 may Yəvmüt‑Tərviyədir. Bu gün zəvvarlar Həcc təməttu əməllərinə hazırlaşırlar.

“Ət‑Tərviyə” sözünün mənası su ehtiyatı toplamaq deməkdir. Keçmişdə zəvvarlar bu gün Ərəfat və Müzdəlifədə qalmaq üçün su ehtiyatı götürməli olduqları üçün bu günə “Yəvmüt‑Tərviyə” deyilirdi.

Keçmişdə Ərəfat səhrasında su olmadığı üçün bu gün Məkkədən zəvvarlara su aparılırdı. Buna görə də bu gün “su təminatı günü” kimi tanınır. Bu ad İbrahim (ə) və İsmail (ə) Həccindən yadigar qalıb; çünki Cəbrail(ə) onlara Arafat, Müzdəlifə və Mina üçün özləri ilə su götürməyi tövsiyə etmişdi.

Həmçinin bu gün Peyğəmbərimizin (s) Vida Həccindəki karvanı Məkkədən çıxaraq Mina yolu ilə Arəfata doğru hərəkət etmişdi.

Bu gün Beytullah zəvvarları Həcc təməttu niyyəti edirlər və ehram bağladıqdan sonra Məkkədən Mina istiqamətinə yola düşürlər. Gecəni orada qalır (beytutə edirlər) və Zilhiccənin doqquzuncu günü (Ərəfə səhəri) Ərəfata doğru hərəkət edirlər.

4354212

captcha