IQNA

22:26 - October 18, 2019
Xəbər sayı: 3485981
Həzrət İmam Hüseynin (ə) Ərbəin mərasimi öncəsi Azərbaycanın paytaxtı Bakıda   “İlahi eşq – şəhadət, sözə, sənətə zinət!” mövzusunda tədbir keçirilib.  
İmam Hüseynin (ə) Ərbəin mərasimi öncəsi Bakıda   “İlahi eşq – şəhadət, sözə, sənətə zinət!” mövzusunda tədbir keçirilib.  
Maide.Az xəbər verir ki, ictimai xadimlər, yazıçılar, şairlər və jurnalitlərin iştirakı ilə keçirilən tədbirdə şəhadət mədəniyyətinin Azərbaycanda şer və incəsənətə təsiri, Azərbaycanlı şairlərinin mərsiyə və nohələrin yazılmasında rolu və bu ölkədə incəsənət əsərlərində şəhadət mədəniyyətinə diqqətin zəruriliyi haqqında müzakirələr aparılıb.
 
İstədi can verməgilə haqqı isbat eyləsun, 
Ta müvəhhidlər onun haqqın muraat eyləsun,
Nizə başında kəsik başı münacat eyləsun,
Bir münacat ki, Qurandan tilavətdur qərəz.
 
Cümleyi mənsəbdən aliydir müvəhhid mənsəbi,
Ola bilməz heç müvəhhid çün nəbi ali nəbi.
Yaxşı kəşf etdi Hüseyn ibn Əli bu mətləbi,
Gördü iğrari şəhadətdən şəfaətdur qərəz.
 
“Qələm” Yazarlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə oktyabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “İlahi eşq – şəhadət, sozə, sənətə zinət” mövzusundakı tədbiri qurumun rəhbəri, jurnalist Qurban Cəbrayıl dahi mərsiyə şairi Əbülhəsən Racinin bu misraları ilə açdı. Ərbəin (İmam Hüseyn və Kərbəla şəhidlərinin qırxı) ərəfəsində baş tutan konfrans elə şəhadət məqamının ədəbiyyatda və sənətdə tərənnümünə həsr olunmuşdu. Müqəddəs Qurani-kərimin tilavəti və Dövlət Himninin oxunuşundan sonra Azərbaycanda ta qədimdən yaranıb püxtələşən mərsiyə ədəbiyyatının sovet dövründə qarşılaşdığı təzyiqlər, ziyanlı ədəbi cərəyan kimi tənqidi, amma bütün maneələrə  baxmayaraq, Seyid Əbülhəsən Raci, Mirzə Məhəmmədtəqi Qumri Dərbəndi, Hacı Rza Sərraf Təbrizi, Molla Məhəmməd Dəxil və başqalarının daim xalqın qəlbində yaşaması barədə söhbət açıldı.
Qurban Cəbrayıl “şəhid”, “şəhadət” kəlmələrinin müasir azərbaycanlının leksikonuna 1991-ci il 20 Yanvar faciəsindən sonra daxil olduğunu, müstəqillik istəyən bir xalqın torpaqlarının 20 faizindən çoxunun erməni işğalına məruz qaldığını, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun yalnız silaha sarılmaqla, İmam Hüseynin (ə) şəhadət məktəbindən dərs almaqla azad oluna biləcəyini söylədi. O, Ərbəinlə əlaqədar Əhli-beytsevər, şəhidpərvər azərbaycanlılara, dünya müsəlmanlarına başsağlığı verməklə bərabər, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə xalqımıza, eləcə də bütün dünyadakı dostlarımıza təbriklərini də çatdırdı.
Müzakirələrə qoşulan şairə Gülarə Munis, şərqşünas Hafiz Rüstəm, qəzəlxan Cəsur Nari, QHT rəhbəri Jalə Cəfərova, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, şair Əvəz Qurbanlı, ilahiyyatçı Hacı Araz Mehrəli, qəzəlxan Məcid Əsri, QHT sədri Növrəstə İbrahimova, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu, şairə Həbibə Rəhimqızı, “Fatimə” jurnalının redaktoru Kəklik Heydərzadə, Qarabağ qazisi Aqil əhmədov, tərcüməçi Məhəmməd Nuri, tədqiqatçı Hacı Teymur Quliyev, şair Gülbala Dadaş, “Vahid” Poeziya Evinin rəhbəri Hacı Rafiq Şirvanlı , pedaqoq Mehparə Səmədova və başqaları Kərbəla inqilabının əzəməti, bu tarixi hadisənin İslamın yaşamasında rolu, şəhadət fəlsəfəsindən qaynaqlanan milli-azadlıq hərəkatları, Azərbaycan ədəbiyyatında, rəngkarlığında, heykəltəraşlığında şəhidlik, qəhrəmanlıq nümunələri, Ərbəin yürüşlərinin əhəmiyyəti, bugünkü gəncliyin İmam Hüseynin ölməz ideallarına bağlılığı mövzusunda fikirlərini bölüşdülər, şeirlərini təqdim elədilər.     
 
 
 
 
 
 
 
 
 
Teqlər: iqna ، bakı ، ilahi eşq ، şəhadət ، mərsiyə
Ad:
E-poçt:
* Comment:
* captcha: